Analitika

Sülhün prinsipial şərtləri

Dağlıq Qarabağ münaqişəsinin təməli 200 il bundan əvvəl Çar Rusiyasının Azərbaycan torpağı olan İrəvan və Naxçıvan xanlıqlarını ləğv edib yerinə qondarma “Erməni vilayəti” yaratması ilə qoyulmuşdur. Daha sonra isə onun bu parçalama siyasətini Sovet hakimiyyəti davam etdirmişdir. Bunun nəticəsi olaraqda keçən əsrin sonlarında Azərbaycan və Ermənistan arasında 1-ci Qarabağ müharibəsi baş vermişdir. Bu müharibənin nəticəsində Azərbaycan öz 20% ərazisini itirir və 1 milyona yaxın insan öz yurdundan didərgin düşür. 30 il düşmən əsarəti altında qalan Azərbaycan torpaqlarının bir hissəsi 2020-ci ildə 44 günlük “Vətən müharibəsi” ilə düşmən tapdağından azad edilir. Müharibə isə Rusiyanın vasitəçiliyi ilə 3 tərəfli bəyanat imzalanaraq başa çatır.

Keçdiyimiz günlərdə prezident İlham Əliyev işğaldan azad edilmiş Şuşa şəhərində “Euronews” televiziyasına müsahibə verib. Müsahibədə prezident İlham Əliyev Ermənistanla 10 noyabrda imzalanmış bəyanatın sülh razılaşması olmadığını, onun Ermənistanın kapitulyasiya aktı olduğunu vurğulayıb. Qeyd edək ki, 10 noyabr bəyanatına əsasən Azərbaycan və Ermənistan tutduqları mövqelərdə qalmalı, müəyyən olunmuş tarixlərdə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonunu boşaldıb Azərbaycana qaytarmalı idi. Yeni imzalanacaq olan sülh sazişinin prinsiplərini isə Azərbaycan özü təyin edir. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Azərbaycan sülh danışıqlarında və müharibədə hər zaman ədalətli mövqe nümayiş etdirmişdir. Prezident Əliyev müsahibədə: “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq.

Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq” – deyə fikirlərini əsaslandırmışdır.

Müsahibənin sonrakı hissələrində isə sülh danışıqlarının Brüssel görüşləri Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunduğu, həmin görüşlərin çox həssas məsələlərə toxunmaq imkanını verdiyini diqqət mərkəzinə çəkmişdir. Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələni isə buna nümunə olaraq göstərmişdir. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən olunmamışdır. Və vurğulayıb ki: “Əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik.” Sonrakı məsələ isə vəziyyəti nizamlamağa cəhd edən beynəlxalq iştirakçı – Avropa İttifaqının danışıqlar masasına nə gətirə biləcəyi olub. Prezidentin dediklərinə əsasən Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir.

Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Eyni zamanda Rusiyanın da danışıqlarda roluna yer verilib. Rusiya atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyanatın vasitəçisi olub. Bu, nə Birləşmiş Ştatlar, nədə ki, Avropa İttifaqı idi. Ermənistanın baş naziri ilə ilk görüşlər də Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdur. Rusiya–Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Eyni zamanda İlham Əliyev: “Prosesin kimin tərəfindən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Nəticəyə gəlmək vacibdir. Sülh sazişi ilə nəticələnəcək təşəbbüsü irəli sürən hər hansı tərəfi biz dəstəkləyəcəyik” – deyib. Azərbaycanın sülh danışıqlarında iştirak edən dövlətlərlə münasibətlərinə gəlincə də, Rusiya ilə münasibətlərimiz tarazlaşdırıldığını, nəzərəçarpan ticari dövriyyəmiz və daşımalar infrastrukturuna aid bir çox layihələrimizin olduğunu diqqət mərkəzinə gətirib. Avropa ilə də münasibətlərin yaxşı olduğunu iki ildən artıqdır ki, Avropanın mühüm qaz təchizatçısına çevrildiyini deyib. Sonra isə vətəndaş cəmiyyətinin tələbi və Qırmızı Xaç Komitəsindən söz açılıb. Beləki, vətəndaş cəmiyyətinin Laçın dəhlizinə nəzarət etmək səylərinin səbəbi kimi təbii sərvətlərin qeyri-qanuni çıxarılması göstərilib. Qırmızı Xaç Komitəsinin də qanunsuz əməlləri aşkar olunub. Yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bunun da yolverilməz olduğunu Prezident Əliyev qətiyyətlə bəyan edib. Bunun növbəsində də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən danışılıb. Son olaraq da Prezident İlham Əliyev ermənilərə önəmli mesaj verib və Azərbaycanın Qarabağ ermənilərinə normal həyat təklif etdiyini qeyd edib. Müsahibədən sonra Prezident İlham Əliyev “Euronews”un müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verdi.

Fərəcova Şəfa,
Xəzər rayonu, 262 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button