Analitika

“Sülhməramlılarla” göz-gözə dayanan xalqı heç kim qorxuda bilməz

Cari ayın 12-i səhər saatlarında bir qrup azərbaycanlı aktivist hal-hazırda da davam edən aksiyaya başladılar. Onların etiraz aksiyasına başlama səbəbi dekabrın 3-də və 7-də Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq ölkəmizin bir sıra aidiyyatı üzrə qurumlarının mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz və icazəsiz şəkildə istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin nəzərdə tutulan monitorinq sülhməramlıların hərəkətsizliyi və səriştəsizliyi səbəbindən baş tutmadı. Bu məsələ isə bir sıra qeyri hökumət təşkilatı üzvləri, ekoloqlar, media nümayəndələri və cəmiyyətin bir sıra aktivistləri tərəfindən yaxşı qarşılanmadığı üçün onlar Laçın-Xankəndi yolunun Şuşa şəhərinin yaxınlığından keçən hissəsində yolu bağlayaraq dinc aksiya keçirməyə başladılar.

Artıq bir neçə gündür davam edən aksiyada iştirakçılar səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarları səsləndirir, Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş rus “sülhməramlı” qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər. Etiraz aksiyasında səsgücləndiricilər vasitəsilə vətənpərvərlik ruhunda mahnılar səsləndirilir. Etiraz aksiyasında iştirak edən aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi aksiya səbəbi bəllidir, dini və ya etnik zəmində deyil. Etirazlar zamanı heç bir rasizm və nifrət şüarları səsləndirilməyib. “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları tamamilə dinc xarakterli olduğu üçün sülhməramlılar prosesə müdaxilə edə bilməz.

Dörd gündür ki, zamanın bütün çətinliklərinə sinə gərmiş xalqımız ayaq üstə və ruslarla göz-gözədir. Əllərində heç bir silahı olmayan qeyrətli soydaşlarımız milli maraqlarımız naminə ağır silahlarla təchiz edilmiş rus sülhməramlıları ilə qarşı-qarşıya, göz-gözə mübarizə aparırlar. Bütün bu olanlar şanlı xalqımızın, o cümlədən dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlılarının qürurunun və mərdliyinin bariz nümunəsidir. Onların arxasında güclü Azərbaycan dövləti və cənab prezident İlham Əliyev dayanır. 2-ci Qarabağ müharibəsində Qarabağımıza necə qovuşduqsa, bu mübarizə və əzmkarlığın da sonunda da biz yeni şanlı tarix yazacağıq!

Mais Günəşli,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button