AnalitikaGündəmSiyasət

Sülh, təhlükəsizlik və hərbi əməkdaşlıq – Prezident İlham Əliyevin çağırışları

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlərdə sülh və təhlükəsizlik məsələlərinin strateji əhəmiyyətini bir daha önə çıxardı.

Dövlət başçısı vurğuladı ki, Naxçıvan Sazişi ilə əsası qoyulan Türk Dövlətləri Təşkilatının məqsədlərindən biri sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bugünkü mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zərurətə çevrilib. Prezident qeyd etdi ki, “təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil” və bu baxımdan, üzv ölkələr arasında hərbi və müdafiə əməkdaşlığı əsas prioritetlərdən biridir.

Azərbaycanın Türkiyə ilə hərbi tərəfdaşlığı bu istiqamətdə uğurlu model kimi təqdim olundu. Yalnız son bir ildə iki ölkə arasında 25-dən artıq birgə hərbi təlimin keçirilməsi türk birliyinin təhlükəsizlik dayaqlarını gücləndirən mühüm amildir. Prezident İlham Əliyev 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsini təklif edərək, bu əməkdaşlığın institusional əsasda davam etdirilməsinin vacibliyini vurğuladı.

Çıxışda Azərbaycanın öz təcrübəsi də nümunə kimi təqdim edildi. 2020-ci ilin Vətən müharibəsində qazanılmış Zəfər və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, sülh və ədalətin təminatı kimi qiymətləndirildi. Prezident bildirdi ki, Azərbaycanın qazandığı uğurlar yalnız milli iradənin və güclü ordunun deyil, həm də ədalətli sülh siyasətinin təntənəsidir.

Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni təhlükəsizlik arxitekturasının başlanğıcı kimi dəyərləndirildi. Eyni zamanda, ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə başa çatması, münaqişənin qalıqlarının tam aradan qaldırıldığını göstərdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan sülhün təminatçısı, sabitliyin dayağı və beynəlxalq hüququn prinsiplərinə sadiq dövlət olaraq türk birliyinin təhlükəsizlik sistemində aparıcı rol oynayır. Onun çağırışları göstərdi ki, hərbi güc yalnız müdafiə vasitəsi deyil, müstəqilliyin və suverenliyin əsas təminatçısıdır.

Qəbələ Zirvəsində səslənən bu fikirlər Türk Dövlətləri Təşkilatının gələcək təhlükəsizlik gündəliyinin əsasını təşkil edir. Prezident İlham Əliyevin liderliyi ilə regionda ədalətli sülh, qarşılıqlı etimad və strateji müdafiə əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.

Elman Məmmədov,
Ərazi Partiya təşkilatıının sədr müavini, RTTTYM PHŞ-da Texniki Dəstək bölmə müdiri

Oxşar Xəbərlər

Back to top button