AnalitikaGündəmSiyasət

Sosial bərabərliyə, müasir, bilikli və bacarıqlı gənc nəslin yetişməsinə fokuslanan məktəblərimiz

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən, cəmiyyətin intellektual potensialını formalaşdıran və milli-mənəvi dəyərlərin yeni nəsillərə ötürülməsini təmin edən mühüm sahədir. Məktəb isə bu prosesin əsasını təşkil edən, şəxsiyyətin formalaşdığı, bilik və bacarıqlarla yanaşı, davranış mədəniyyətinin, məsuliyyət hissinin və ictimai münasibətlərin öyrənildiyi mühüm sosial mühitdir. Bu baxımdan, ümumi təhsil müəssisələrində təhsilalanların və təhsilverənlərin geyimi məsələsi yalnız xarici görünüşlə bağlı deyil, həm də təhsil mədəniyyətinin, nizam-intizamın və məktəb mühitinə münasibətin ifadəsidir.

Müasir dövrdə dövlətlərin təhlükəsizliyi yalnız hərbi güc və iqtisadi imkanlarla ölçülmür. İnformasiya müharibələrinin, ideoloji təsirlərin və saxta məlumatların geniş yayıldığı şəraitdə cəmiyyətin mənəvi dayanıqlığı, gənc nəslin dünyagörüşü və milli dəyərlərə bağlılığı da strateji əhəmiyyət daşıyır. Bu baxımdan təhsil sistemi yalnız bilik verən institut deyil, həm də milli kimliyin, ictimai məsuliyyətin və sağlam vətəndaş mövqeyinin formalaşdığı əsas mühitdir.

Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı vahid tələblər ilk növbədə təhsil mühitində bərabərliyin və nizam-intizamın təmin olunmasına xidmət edir. Geyim fərqlərinin sosial-iqtisadi vəziyyətin nümayişinə çevrilməsinin qarşısının alınması şagirdlər arasında ayrı-seçkilik risklərini azaltmağa kömək edir. Belə şəraitdə diqqət geyimin qiymətinə və dəbinə deyil, biliyə, təhsilə və şəxsi inkişafa yönəlir.

Məktəbdə geyim mədəniyyətindən danışarkən müəllimlərin üzərinə düşən məsuliyyət xüsusi qeyd edilməlidir. Müəllim yalnız bilik verən mütəxəssis deyil, həm də şagirdlərin davranışlarına, ünsiyyətinə və dünyagörüşünə təsir göstərən nümunəvi şəxsdir. Buna görə də onun xarici görünüşü məktəbin işgüzar mühitinə və pedaqoji fəaliyyətin xarakterinə uyğun olmalıdır. Eyni zamanda, müəllimin səliqəli və məqsədəuyğun geyimi şagirdlərdə də məsuliyyətli münasibətin formalaşmasına müsbət təsir göstərə bilər. Lakin pedaqoji nüfuzun yalnız geyimlə ölçülmədiyini də unutmaq olmaz. Müəllimin biliyi, ədalətli davranışı, ünsiyyət bacarığı, uşaqlara qayğısı və peşəkarlığı onun nüfuzunu müəyyən edən əsas amillərdir.

Azərbaycan təhsil sisteminin qarşısında duran mühüm vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda müasir dünyanın çağırışlarını anlayan, savadlı və məsuliyyətli vətəndaş yetişdirməkdir. Bu məqsəd tədris proqramları ilə yanaşı, məktəbdə formalaşan gündəlik davranış və ünsiyyət mədəniyyətində də öz əksini tapmalıdır. Məktəb geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi də bu geniş yanaşmanın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Sadəlik, səliqə, qarşılıqlı hörmət və ictimai mühitə uyğun davranış həm milli ənənələrimizdə, həm də ümumbəşəri etik prinsiplərdə mühüm yer tutur.

Unutmaq olmaz ki, məktəbin nüfuzu müəllimin peşəkarlığı, şagirdin biliyi, valideynin məsuliyyəti və sağlam təhsil mühitinin birgə səyi ilə formalaşır. Geyim mədəniyyəti də bu bütöv sistemin görünən tərəflərindən biridir. Məqsədimiz yalnız səliqəli geyinən deyil, həm də savadlı, düşünən, milli dəyərlərinə hörmət edən və ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyan gənc nəsil yetişdirmək olmalıdır.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button