Analitika

Son illərdə ölkədə bütün sahələrdə tərəqqi və inkişaf davamlı islahat kursunun nəticəsidir

2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Seçkilərin əsas məqsədi ölkədə aparılan islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. 1300-dən çox namizədin iştirak etdiyi bu seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirdi. Prezident İlham Əliyev onu da vurğulamışdır ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğuladı ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunublar. Bu gün Azərbaycanın beynəlxalq aləmdə mövqeyi getdikcə möhkəmlənir, nüfuzu durmadan artır. Əlbəttə ki, bunu təmin edən ən başlıca amil Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi düşünülmüş, balanslı xarici siyasətdir. Məhz bu siyasətin sayəsində bu gün Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ölkəmizin rolu və önəmi getdikcə artır. Məhz bu uğurlu siyasət Azərbaycanı artıq təkcə regionun deyil, bütün Avrasiya məkanının aparıcı oyunçularından birinə çevirib. Xüsusilə son günlər Ukrayna hadisələri ilə bağlı aparıcı dünya və Avropa dövlətlərinin başçılarının Azərbaycan Prezidenti ilə mütəmadi telefon danışıqları və müzakirələr aparması da bu deyilənlərin bariz sübutudur. Bütün bu baş verənlərin fonunda əlbəttə ki, bu gün Azərbaycanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində təmsil edən deputatlar da daha fəal olmalı, daha effektiv fəaliyyət göstərməlidirlər. Dövlət başçımızın da qeyd etdiyi kimi, o təşkilatlarda ki, Azərbaycana qarşı ikili standartlar, qərəzli yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada daha mübariz olmalıyıq. Beynəlxalq təşkilatların, böyük dövlətlərin qarşısında yox, dövlətimizin, xalqımızın qarşısında yaxşı olmağa çalışmalıyıq. Bütün hallarda biz öz sözümüzü deməyi, qərəzli yanaşmanı ifşa etməyi bacarmalıyıq. Əlbəttə ki, bu baxımdan da bizim üçün ən böyük örnək yenə Ölkə Prezidenti cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillik prinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır. Pandemiya dövrünün xüsusi çətinliklər yaratdığı və yeni öhdəliklər meydana çıxardığı indiki məsuliyyətli mərhələdə Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması Prezident İlham Əliyevin böyük qələbəsidir. Bu gün bizim qarşımızda duran əsas məsələlərdən biri də əlbəttə ki, gənc nəslin vətənə məhəbbət, dövlətə sədaqət, milli ənənələə hörmət ruhunda tərbiyə olunması ilə bağlıdır. Əsl vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, mübarizədə inam hissini gücləndirir. Məhz bu hisslər şanlı Azərbaycan Ordusuna Vətən müharibəsində qələbə qazanmaq əzmi verdi. 

Səba Rzayeva,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button