Son illər ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir

Aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum məsələnin önəmi barədə geniş fikir mübadiləsi aparmaq baxımından önəmli platforma oldu. Çünki forumda dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər. Cənab Prezidentin forumun gedişində tədbir iştirakçılarının suallarını cavablandırarkən verdiyi açıqlamalar Cənubi Qafqazda gedən geosiyasi proseslərlə bağlı dünya ictimaiyyətinin obyektiv məlumatlandırılması baxımından da böyük önəm kəsb etdi.
Forumda Prezident İlham Əliyev bir çox məsələlərə – Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilməsi, Azərbaycanın Naxçıvanla əlaqəsinə Ermənistanın maneələr törətməsi, Zəngəzur dəhlizi, Cənubi Qafqaz ölkələrinin potensialı, eləcə də COP29-un üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələrin aparılması üçün fürsət yaradacağı və gələcək əməkdaşlıq üçün yol açacağına toxunub. Dövlətimizin başçısı əsas diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Rəsmi Bakı siyasi-iqtisadi imkanlarını genişləndirib, beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib. Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması, iqtisadi, siyasi, təhlükəsizlik məsələlərinə çox aydın baxışı və təsəvvürü var və bu, ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaq.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi