Analitika

Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır

Azərbaycan Respublikası ərazisinin çox hissəsində quraqlıq iqlim şəraiti mövcuddur. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, kənd təsərrüfatı sahələrini su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları yaradılmışdır. Su anbarları, suvarma kanalları çay axınlarının toplanmasına və nizamlanmasına xidmət edən, qədim zamanlardan bəri insanların suya olan ehtiyacını odəmək və əkin sahələrinin suvarılması məqsədilə inşa edilən su təsərrufatı obyektləridir. Hazırda ölkə ərazisində 153 su anbarı mövcuddur. Su anbarlarının ümumi su həcmi 21,9 mlrd.m³ təşkil edir. Su anbarlarından yalnız 61-nin həcmi 1 mln.m³-dən çoxdur. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir (həcmi 16 milyard kubmetr), Şəmkir (həcmi 2,6 milyard kubmetr), Araz çayı üzərindəki Araz (həcmi 1,3 milyard kubmetr), Tərtər çayı üzərindəki Sərsəng (həcmi 0,5 milyard kubmetr) su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır. Respublika ərazisində təqribən 47 ədəd suvarma kanalı var. Bunlar içərisində ən uzun kanal uzunluğu 172.4 km, suburaxma qabiliyyəti saniyədə 113 m³ olan və Mingəçevir su anbarından qidalanan Yuxarı Qarabağ suvarma kanalıdır. İkinci yerdə 123.5 km uzunluğu olan Yuxarı Şirvan, üçüncü yerdə isə uzunluğu 110 km olan Samur-Abşeron suvarma kanalı durur. Suvarma kanallarının cəmi uzunluğu 90 min km-dən artıq olub 1,3 mln hektar torpaq sahəsinin suvarılmasına imkan verir.

1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.

Suötürmə qabiliyyəti saniyədə 78 kubmetr və uzunluğu 122 kilometr olan kanalın 65 ildən artıq fasiləsiz istismar edilməsi, illik su itkilərinin kəskin artması və qurğuların qəzalı vəziyyətə düşərək funksiyalarını itirməsi nəticəsində torpaqların meliorativ vəziyyəti pisləşərək deqradasiyaya uğrayıb. Bütün bunlar mövcud əkin sahələrinin vegetasiya dövründə suvarma suyu ilə təminatında çatışmazlıqlar yaradıb, bölgənin suya daim artan tələbatının ödənilməsindəki gərginliyi daha da dərinləşdirməklə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb.

Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.

Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb. Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.

Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Onların arasında, ilk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalını qeyd etməliyəm. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsi idi. Beləliklə, həm Şimal, həm Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.

Şirvan kanalının əhəmiyyəti də göz önündə olacaqdır. Bu, bizim ən böyük – suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaqdır. Ölkəmizin gələcək inkişafının əsas istiqamətləri bundan ibarətdir, çünki qeyri-neft sektorunun inkişafı, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər gördüyümüz işlərdə əks olunur.

Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button