
Azərbaycan və Slovakiya arasında münasibətlər son illərdə yeni mərhələyə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi dialoq, iqtisadi və humanitar əməkdaşlıq, energetika və müdafiə sənayesi sahələrində əlaqələrin genişlənməsi qarşılıqlı etimad və dostluq mühitinin möhkəmləndiyini göstərir. Bu dinamikanın ən önəmli təzahürlərindən biri dekabrın 8-9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfər etməsi və bu səfər çərçivəsində keçirdiyi görüşlər oldu və bu səfər iki ölkənin münasibətlərinə güclü təkan verdi.
Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev çıxışında Slovakiyaya rəsmi səfərinin iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, bu səfər zamanı aparılan təkbətək və geniş tərkibdə danışıqlar bir daha göstərdi ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlıq münasibətləri qurublar. Bu münasibətlər keçən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yeni keyfiyyət mərhələsinə yüksəlib. Prezident qeyd etdi ki, həmin sənəd əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, iki ölkə arasında bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığın əsasını qoymuşdur. Bu gün birgə iqtisadi işçi qruplar fəaliyyətini genişləndirir, müxtəlif sahələr üzrə komissiyalar qarşılıqlı əlaqələrin yeni imkanlarını araşdırır və praktik nəticələr əldə edir.
Azərbaycan–Slovakiya əməkdaşlığının ənənəvi istiqamətlərindən biri energetikadır. Prezident İlham Əliyev mətbuata bəyanatında bu sahənin əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu fakt həm Slovakiyanın enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm hadisədir, həm də Azərbaycanın Avropa enerji məkanında rolunun getdikcə artdığını göstərir. Hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil edir və bunun təxminən yarısı Avropa ölkələrinə nəql olunur. Avropa İttifaqına üzv səkkiz ölkə artıq Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edir və bu rəqəmin gələcək illərdə daha da artacağı gözlənilir.
Prezident İlham Əliyevin fikirlərinə əsasən, Azərbaycan bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın əsas təchizatçı ölkələrindən biri kimi Avropa üçün strateji əhəmiyyət daşıyır. Ölkənin zəngin təbii qaz ehtiyatları yeni yataqların istismarı nəticəsində daha da artır və bu, həm Slovakiyaya, həm də onun qonşu ölkələrinə daha böyük həcmdə qaz tədarükü üçün imkan yaradır. Bu baxımdan Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin mühüm təminatçısı kimi çıxış edir. Bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi müstəvidə qarşılıqlı etibara əsaslanır və tərəflər arasında uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin çıxışında xüsusi qeyd edilən digər mühüm sahə müdafiə sənayesində əməkdaşlıqdır. Bu istiqamətdə əməkdaşlıq Azərbaycanın müharibə etmə niyyəti ilə deyil, sənaye imkanlarının inkişafı baxımından nəzərdə tutulur. Slovakiyanın müdafiə sənayesi sahəsində təcrübəsi, texnologiyaları və istehsal infrastrukturu ilə Azərbaycanın güclü maliyyə potensialı birləşdirildikdə yeni məhsulların hazırlanması və bu məhsulların dünya bazarlarına çıxarılması üçün real imkanlar yaranır. Prezident İlham Əliyev bildirdi ki, bu əməkdaşlıq texnoloji inkişaf baxımından hər iki ölkəyə böyük fayda verə bilər. Bu istiqamətdə konkret layihələr üzərində işlərin aparılması artıq əməkdaşlığın praktik məzmun aldığını göstərir.
Slovakiya hökumətinin dostluq jesti kimi qəbul edilən mühüm məqam ondan ibarətdir ki, 8 noyabr – Zəfər Günündə Bakıda keçirilən tədbirlərdə Slovakiyanın Baş nazirinin müavini və müdafiə naziri fəxri qonaq qismində iştirak etmişdilər. Prezident İlham Əliyev bunu xüsusi məmnunluqla qeyd edərək bildirdi ki, belə addımlar iki ölkə arasında dostluq münasibətlərinin əsl mahiyyətini əks etdirir. Bu, həm də Slovakiyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstəyin real təzahürüdür.
Azərbaycan–Slovakiya əlaqələrinin başqa bir mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Prezident İlham Əliyev Azərbaycanı Şərqlə Qərb arasında körpü hesab edərək bildirdi ki, ölkənin nəqliyyat infrastrukturu Şərq–Qərb nəqliyyat dəhlizinin ən etibarlı və təhlükəsiz seqmentini təşkil edir. Azərbaycanın Orta Dəhliz layihəsində oynadığı əsas rol tranzit imkanlarının genişləndirilməsi, yüklərin Avropadan Orta Asiyaya və əks istiqamətə daşınmasının sürətləndirilməsi üçün yeni perspektivlər açır. Bu kontekstdə Slovakiya ilə də nəqliyyat-logistika sahəsində əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət kəsb edir, çünki hər iki ölkə Avropa və Avrasiya məkanında çoxşaxəli əlaqələrə malikdir və bu dəhlizlərin səmərəliliyinin artırılmasında maraqlıdır.
Azərbaycanın gələcək planları nəqliyyat sahəsində əlavə sərmayələrin yatırılmasını nəzərdə tutur. Yeni logistika mərkəzləri, dəniz limanının genişləndirilməsi, dəmir yolu infrastrukturunun modernləşdirilməsi kimi layihələr ölkənin tranzit imkanlarını daha da yüksəldəcək. Prezident İlham Əliyev hesab edir ki, bu potensialdan Slovakiya ilə əməkdaşlıq çərçivəsində də maksimum istifadə oluna bilər.
Azərbaycan və Slovakiya arasında əməkdaşlığın müasir inkişaf istiqamətlərindən biri də yüksək texnologiyalar və rəqəmsal transformasiya sahəsidir. Xüsusilə, süni intellekt sahəsində əməkdaşlıq və data mərkəzlərinin yaradılması mövzusu Bratislava görüşünün əsas müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda istifadə olunmayan enerji potensialı hazırda 2 giqavatdır və bu rəqəm ötən beş ildə 8 giqavata çatdırılacaq. Müasir data mərkəzlərinin fəaliyyətinin əsas şərtlərindən biri də məhz enerji resurslarının bolluğudur. Azərbaycanın enerji potensialı bu sahədə geniş imkanlar açır. Bundan əlavə, ölkənin bir çox bölgələrində uzun müddət davam edən soyuq hava şəraiti də böyük data mərkəzlərinin yerləşdirilməsi üçün əlverişli mühit yaradır. Bu səbəbdən Slovakiya şirkətləri ilə birgə innovativ rəqəmsal layihələrin həyata keçirilməsi iki ölkə üçün həm iqtisadi, həm də texnoloji baxımdan böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Slovakiyanın müstəqil xarici siyasət yürütməsini yüksək qiymətləndirərək bunun ölkəyə beynəlxalq aləmdə hörmət qazandırdığını bildirdi. O, həmçinin qeyd etdi ki, bəzi hallarda Slovakiya bu mövqeyinə görə çətinliklərlə də üzləşir, lakin ölkə rəhbərliyi bu yoldan dönmür. Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyənləşdirib və bu prioritetlərin həyata keçirilməsi ölkəni həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaşa çevirib. Bu prinsiplər iki ölkə arasında münasibətlərin siyasi təməlinin möhkəm olduğunu sübut edir.
Səfərin sonunda Prezident İlham Əliyev Slovakiya Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edərək qarşılıqlı siyasi dialoqun daha da gücləndirilməsi istiqamətində mühüm addım atdı. O qeyd etdi ki, Slovakiyanın hazırkı Prezidenti Azərbaycanda dəfələrlə olsa da, Prezident qismində rəsmi səfər hələ baş tutmayıb və ölkəmiz onu məmnuniyyətlə qarşılamağa hazırdır. Bu dəvət iki ölkə münasibətlərinin strateji səviyyədə davam etdirilməsi istiqamətində siyasi iradənin möhkəm olduğunu göstərir.
Bütün bu amillər Azərbaycan–Slovakiya əlaqələrinin yalnız bu gün üçün deyil, həm də gələcək üçün möhkəm və davamlı platforma üzərində qurulduğunu nümayiş etdirir. Energetika, nəqliyyat, yüksək texnologiyalar, müdafiə sənayesi, iqtisadi əməkdaşlıq kimi sahələrdə birgə addımlar iki ölkənin regional və qlobal mövqelərini gücləndirəcək, strateji tərəfdaşlığı daha da dərinləşdirəcək. Bu münasibətlərin mərkəzində isə qarşılıqlı etimad, bərabərhüquqlu əməkdaşlıq və dostluq dayanır. Prezident İlham Əliyevin Bratislava səfəri göstərdi ki, iki ölkə arasında əməkdaşlıq mövcud səviyyə ilə kifayətlənməyəcək, əksinə, yeni və daha genişmiqyaslı istiqamətlər üzrə inkişaf edəcək. Bu isə həm Azərbaycan, həm də Slovakiya üçün qarşılıqlı faydalı perspektivlər yaradır və gələcək əməkdaşlığın daha məhsuldar olacağına dəlalət edir.
Daşqın Mikayılov,
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri



