AnalitikaGündəmSiyasət

Slovakiyanın bu dəhlizdə yerləşməsi və Avropa bazarlarına çıxış imkanları iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığını strateji edən əsas amildir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci ildə Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Bratislavada keçirilən görüşlər, imzalanan sənədlər və mətbuat üçün verilən bəyanatlar Azərbaycan–Slovakiya əlaqələrinin siyasi, iqtisadi və strateji müstəvidə daha da güclənməsinə xidmət etdi.

Prezident İlham Əliyev mətbuat konfransında çıxışı zamanı qeyd etdi ki, Azərbaycan ilə Slovakiya artıq uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq edir və bu əlaqələr “dostluq və strateji tərəfdaşlıq” səviyyəsinə yüksəlib. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi bu prosesin institusional əsasını möhkəmləndirib və münasibətləri ən yüksək siyasi çərçivəyə daxil edib.Dövlət başçısının vurğuladığı kimi, bu səfər təkcə protokol xarakteri daşımır, həm də iki ölkə arasında real əməkdaşlığın dərinləşməsi üçün konkret plan və addımları özündə ehtiva edir.
Prezident İlham Əliyev çıxışında enerji sahəsinin iki ölkə münasibətlərində aparıcı rol oynadığını xüsusi vurğuladı. Azərbaycanın natural qaz ixracatında etibarlı tərəfdaş kimi nüfuzu artıq bütün Avropa məkanında qəbul olunur.

O bildirdi ki, hazırda Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 14-ə çatdırıb və bu proses genişlənməkdə davam edir. Yeni yataqların istismara verilməsi nəticəsində ölkənin əlavə təbii qaz ehtiyatları Avropaya yönləndiriləcək. Slovakiya isə bu təchizat xəttində mühüm tranzit və alıcı ölkələrdən biri kimi çıxış edir.
Bu, həm Avropanın enerji təhlükəsizliyinə töhfə verir, həm də Azərbaycanın tərəfdaş kimi rolunu daha da qüvvətləndirir.Prezident Əliyev mətbuata bəyanatında Azərbaycanın regionun əsas nəqliyyat-logistika mərkəzinə çevrildiyini və Şərq–Qərb dəhlizi boyunca yük axınının artdığını diqqətə çatdırdı.

Slovakiyanın bu dəhlizdə yerləşməsi və Avropa bazarlarına çıxış imkanları iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığını strateji edən əsas amildir.Prezident İlham Əliyevin çıxışında informasiya texnologiyaları sahəsində əməkdaşlıq xüsusi yer aldı. O bildirdi ki, data mərkəzlərinin qurulması, bulud texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal xidmətlər üzrə Slovakiya ilə birgə layihələr nəzərdə tutulur.

Prezident İlham Əliyev mətbuat konfransında Slovakiya Prezidenti Peter Pellegrinini Azərbaycana rəsmi səfərə dəvət etdi. Bu dəvət dövlətlərarası siyasi dialoqun daha sistemli və intensiv formata keçəcəyinə işarədir.
Həmçinin tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi, qlobal və regional təhlükəsizlik məsələləri üzrə birgə mövqelərin uyğunlaşdırılması barədə fikir mübadiləsi apardılar.Prezident İlham Əliyevin 8 dekabr 2025-ci il Bratislava səfəri Azərbaycanın xarici siyasət gündəmində əhəmiyyətli hadisədir. Mətbuat üçün verilən bəyanatlar iki ölkənin qarşılıqlı etimada əsaslanan, praqmatik və strateji əməkdaşlığının gələcək illər üzrə inkişaf trayektoriyasını müəyyən edir.

Bu səfər Azərbaycan–Slovakiya münasibətlərini daha güclü siyasi təmələ, daha dinamik iqtisadi əməkdaşlığa və daha geniş inteqrasiya imkanlarına doğru aparan mühüm addım kimi tarixə düşür.

Əlizadə Günel,
Yeni Azərbaycan partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button