
Dövlət başçısı İlham Əliyevin 8 dekabr tarixində Slovakiyaya etdiyi rəsmi səfər, təkcə iki ölkə arasındakı münasibətlərin bugünkü inkişaf səviyyəsini deyil, bütövlükdə Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurların da nümayişi oldu. Azərbaycanın siyasi və iqtisadi gücünün artması müasir şəraitdə özünü daha aydın göstərir. Şərqlə Qərb arasında mühüm körpü funksiyasını yerinə yetirən Azərbaycan, dövrün çağırışlarına çevik şəkildə reaksiya verərək həm yeni əməkdaşlıq körpüləri qurur, həm də mövcud tərəfdaşlarla əlaqələrini möhkəmləndirir. Tarixi köklərə söykənən Azərbaycan–Slovakiya münasibətləri bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək qarşılıqlı etimadın qorunmasının prioritet olduğunu nümayiş etdirir. Slovakiya ilə diplomatik əlaqələrin əsası 1990-cı illərin əvvəlində qoyulub — Slovakiya 1992-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini tanımış, 1993-cü ildə isə rəsmi diplomatik münasibətlər təsis edilmişdir. 2019-cu ildən Slovakiyanın Bakıda səfirliyi fəaliyyət göstərir, 2023-cü ilin iyulundan isə Azərbaycan Slovakiyada səfirlik açıb. Bundan əlavə, 2009-cu ildən Slovakiyada Azərbaycanın fəxri konsulluğu mövcuddur. Bu mərhələlər iki dövlət arasında davamlı diplomatik tərəfdaşlıq üçün möhkəm baza yaradıb. Prezident İlham Əliyevin səfəri isə siyasi, iqtisadi və mədəni müstəvilərdə əlaqələrin genişləndirilməsinə ciddi töhfə verir.
Səfər çərçivəsində keçirilən görüşlər iki ölkə münasibətlərinin gələcək inkişaf istiqamətlərini daha da aydınlaşdırdı. Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini, Slovakiya Milli Şurasının sədri Rixard Raşi və Baş nazir Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib. Həm ötən il Baş nazir Robert Fitsonun Azərbaycana səfərinin, həm də bu il Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərinin münasibətlərin genişlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb.
Həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Slovakiya Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarında iqtisadi əməkdaşlığın perspektivlərinə xüsusi toxunublar. Prezident İlham Əliyev ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əlaqələri ən yüksək səviyyəyə qaldırdığını, bundan sonra da bütün sahələr üzrə fəal əməkdaşlığın davam etdiyini qeyd edib. İqtisadi işçi qrup geniş fəaliyyət göstərir, energetika sahəsində konkret layihələr icra olunur. Azərbaycan qazının ötən il ilk dəfə Slovakiyaya çatdırılması mühüm hadisədir və ölkəmiz Slovakiyanın ehtiyac duyduğu həcmdə enerji resursları təmin edə biləcək potensiala malikdir. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb və yeni yataqların işlənməsi gələcəkdə daha böyük həcmdə tədarükün mümkün olacağını göstərir.
İmzalanan sənədlər iki ölkə münasibətlərinin inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı konsulluq, heyvan sağlamlığı və qida təhlükəsizliyi, müdafiə sənayesi, mədəniyyət, eləcə də kiçik və orta biznes sahələrində əməkdaşlıq haqqında bir sıra Anlaşma Memorandumları və Niyyət Protokolu imzalanıb. Slovakiya Prezidenti səfəri yüksək dəyərləndirərək bildirib ki, bu, tarixdə Azərbaycan Prezidentinin Slovakiyaya ilk rəsmi səfəridir və bu fakt tərəflərin qarşılıqlı marağını nümayiş etdirir.
Azərbaycanın tarixi Zəfərindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Bu əməkdaşlıq həm ikitərəfli, həm də regional sabitlik baxımından mühüm rol oynayır. Slovakiya və Azərbaycan həqiqətən də dost və strateji tərəfdaş olan ölkələrdir.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi /



