Siyasi sabitlik amili

44 günlük Vətən müharibəsindən qalib çıxan Azərbaycan postmüharibə dövründə təkcə diplomatik masada sözünü demir, həm də iqtisadi layihələrdə potensialını ortaya qoyur. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın işğalı dövründə dağıdılmış, məhv edilmiş ərazilərimizdə yenidənqurma işləri uğurla icra edilir. Qarabağ və Şərqi Zəngəzurda böyük iqtisadi layihələr gerçəkləşdirilir. Fizuli və Zəngilan rayonlarında hava limanlarının tikilərək istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialının sürətlə artmasından xəbər verir. Həmçinin Azərbaycanda bərpa olunan enerjinin istehsalı üçün böyük potensial mövcuddur ki, bu sahədə də böyük layihələrin keçirilməsinə şahidlik edirik. Azərbaycan 2030 – sosial-iqtisadi inkişafa dair prioritetlərdə ölkəmizdə yaşıl enerji istehsalının genişləndirilməsi də əhəmiyyətli yer almaqdadır.
Dünyada isə qlobal problemlər daha da artır. Pndemiyanın yaratdığı çətinliklər, regionda davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya yönələn qaçqın selinin timsalında region, eləcə də dünya iqtisadiyyatı qlobal çətinliklərlə üz-üzədir. Azərbaycana yaxın coğrafiyalarda illərdi həllini tapmayan münaqişə ocaqları mövcuddur. Bütün bunların fonunda Azərbaycanın həyata keçirdiyi layihələrin uğurlu olmasının düsturu sabitlik adasının möhkəmliyi kimi xarakterizə olunur. Azərbaycan siyasi sabitliyini hər zaman yüksək səviyyədə təmin edən azsaylı ölkələrdən biridir.
Sabitlik hər bir insanın həyatı, yaşayışı, xoşbəxtliyi, fəaliyyəti üçün gərəklidir. İkinci dəfə müstəqillik əldə etdiyimiz 1990-cı illərin əvvəlinin acı təcrübəsi bunu deməyə əsas verir. İtirilən torpaqlarımız, əsir qalan yurdlarımız, düşmən tərəfindən dağılan, viran qalan kəndlərimiz, şəhərlərimiz erməni faşistlərinin vəhşi əməllərinin nəticəsi olmaqla bərabər, həm də daxili çəkişmələrin, özbaşınalıqların qurbanıdır. Bir milyondan artıq qaçqın və köçkünün acı taleyi, məşəqqətli həyatı buna sübutdur. Sözsüz ki, o illərdə ölkədə baş verən qarşıdurmaların, hərc-mərcliyin, məsuliyyətsizliyin qarşısı vaxtında alınsaydı, vəzifə sahibləri qətiyyət, iradə nümayiş etdirib uzaqgörən olsaydılar, təsirli tədbirlər həyata keçirilsəydi, birləşə bilsəydik dəhşətli fəlakətlərə yol verilməz, ölkə vətəndaş müharibəsi səviyyəsinə çatdırılmazdı.
Çox təəssüflər olsun ki, o vaxtlar iqtidar kürsüsündə oturub bu gün müxalifətdə olanların çoxları başımıza gətirilən bəlaları səhv və çox yanlış olaraq sırf Sovetlər İttifaqının dağılması, dünyada baş verən hadisələrlə əlaqələndirir, özlərinə bəraət qazandırmaq istəyirlər. Əlbəttə, yanaşma düzgün deyil, fikirlər məntiqsizdir. Həmin illər siyasətdə, idarəetmədə, ölkənin müdafiəsində, vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsində, ictimai-siyasi sabitliyin qorunmasında buraxılan çox ciddi səhvlər bunu sübut edir.
Artıq uzun illərdir ki, insanlar ictimai-siyasi sabitliyin, dincliyin, əmin-amanlığın faydasını görür və əmin olublar ki, ölkəmizdə qazanılan bütün uğurların kökündə dayanan fundamental dəyərlərdən biri də ictimai-siyasi sabitlikdir. Sabitlik, rahatlıq, əmin-amanlıq olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz. Azərbaycanın yaxın tarixində baş vermiş qeyri-sabit ictimai-siyasi sabitlik bunu, birmənalı şəkildə, sübuta yetirir. Ölkəmizdəki bütün ab-hava, əhval-ruhiyyə ictimai-siyasi sabitlik üzərində köklənibdir. Digər bir məqamı da qeyd etmək istəyirəm ki, bu da ölkəmizin iqtisadi və digər sahələrdə sürətli inkişafı ilə əlaqədardır. Artıq bir neçə ildir ki, Azərbaycan ardıcıl surətdə iqtisadi cəhətdən yüksək dinamika ilə inkişaf edir. Bu artım ölkənin iqtisadiyyatını gücləndirir, dövlətçiliyin fundamentini möhkəmləndirir. Bundan əlavə, Azərbaycanın nəinki regionda, bütün dünyada mövqeyi daha da güclənir. Digər bir tərəfdən isə, iqtisadiyyatın inkişafı insanların güzəranının, sosial rifahının yaxşılaşmasına gətirib çıxarır. İqtisadiyyatın inkişafı, yeni-yeni iş yerlərinin açılması, çoxlu sayda insanların işlə təmin olunması bütövlükdə ailələrin, insanların güzəranına və güzəranı vasitəsilə əhval-ruhiyyəsinə bilavasitə təsir edir.
Bir həqiqətdir ki, Azərbaycan bu gün dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur.. Tərəddüdsüz qeyd etmək olar ki, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan rasional daxili və xarici siyasət kursu dayanır. ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Onu da qeyd edək ki, hazırda müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, rasional iqtisadi inkişaf strategiyasının tətbiq edilməsi və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir. Eləcə də, Azərbaycan dövləti bütün bu vəzifələrin öhdəsindən layiqincə gələrək ümummilli inkişafı ən yüksək səviyyədə təmin edir.
Qeyd edilməsi zəruri olan başlıca məsələlərdən biri isə budur ki, ölkəmizin milli inkişafını şərtləndirən fundamental faktorlardan biri də güclü siyasi iradənin fonunda həyata keçirilən rasional islahatlardır. Bu sırada praqmatik daxili və xarici siyasət kursu, özəlliklə də siyasi-hüquqi islahatlar xüsusi əhəmiyyət kəsb edir. Yerli və xarici analitiklərin yekdilliklə üzərində durduqları başlıca məsələlərdən biri budur ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir. Siyasi hüquq və azadlıqların, xalqın ali iradəsinin təmin olunmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, inamla davam etdirilir. Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahə və sektorlarda ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı da sürətləndirməkdədir.
Əbdüləlizadə Fidan,
Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi



