Analitika

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu zəruri edən səbəblər

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu zəruri edən səbəblər çoxdur. İlk olaraq qeyd eləmək lazımdır ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ötən bu illər ərzində ölkədə yeni siyasi konfiqurasiya formalaşmışdır. Bu da qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir.

“Siyasi partiyalar haqqında” Qanun layihəsini hazırlayarkən bir sıra məsələlər nəzərdən keçirilmişdir. Belə ki, Qanun layihəsi hazırlanarkən Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, 24 ölkənin təcrübəsi, 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınmışdır.

“Siyasi partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı Milli Məclis tərəfindən siyasi partiyalara müraciət olunub, sentyabrın 7-si rəy və təkliflərin bildirilməsi üçün sayta yerləşdirilib. Bundan başqa Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 dəfə ictimai dinləmə keçirilib. Dinləmələrdən sonra layihədə 110 düzəliş edilmişdir. Həmçinin bildirmək lazımdır ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

Yeni Qanunun diqqət çəkən məqamlarından biri budur ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Başqa bir diqqət çəkən məqam dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilməsidir. Həmçinin qeyd olunur ki, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Bu da siyasi partiyaların inkişafına, genişlənməsinə xidmət göstərəcəkdir.

Ümumiyyətlə, yeni qanun özündə bir sıra diqqətçəkən məsələləri birləşdirir. Belə ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir, habelə Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilir.

“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti ilə bağlı bəzi qadağalar da öz əksini tapmışdır. Bu qadağaların əksəriyyəti dövlətçiliklə, milli maraqlara zidd fəaliyyətlərlə bağlıdır. Burada göstərilir ki, konstitusiyanın zorla dəyişdirilməsi, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışların edilməsi, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği, irqi, dini və ya etnik düşmənçiliyin salınması kimi hallar yolverilməzdir. Həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında, yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır. Bundan başqa Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ yoxdur. Əlavə olaraq, siyasi partiya dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir.

Yeni Qanun layihəsi əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Qanuna görə hər hansı bir şəxs yalnız bir siyasi partiyanın üzvü ola biləcək. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Şəxsin siyasi partiyadakı üzvlüyü və onun partiyanın fəaliyyətində iştirakı, həmçinin siyasi partiya üzvlüyünün olmaması onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, hər hansı imtiyazın verilməsinə və ya qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtinaya əsas ola bilməz. Özü barədə rəsmi məlumatların təqdim edilməsi zamanı şəxsdən siyasi partiyadakı üzvlüyünə və ya üzvlüyünün olmamasına dair məlumatın göstərilməsinin tələb edilməsinə yol verilmir.

“Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinə əsasən siyasi partiyanın dövlət orqanları, yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar, digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar, beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər tərəfindən maliyyələşdirilməsi, o cümlədən ianələr qəbul etməsi qadağandır. Əvvəlki Qanundan fərqli olaraq, bu Qanunda siyasi partiya yalnız Azərbaycan Respublikasının vətəndaşlarından ianə qəbul edə bilər. Şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən artıq ola bilməyəcək.

Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Yeni Qanun layihəsində siyasi partiyanın dövlət tərəfindən ləğvi siyasi partiyaya qarşı tətbiq edilə biləcək ən son zərurət tədbiri hesab edildiyi xüsusi vurğulanıb.

Qeyd olunduğu kimi “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi bir çox xüsusiyyətləri ilə diqqət çəkir.

Bütün bu dəyişikliklərin ölkəmizin gələcəyi üçün daha uğurlu olacağına inanırıq.

Cəfərli Seyran,
Xəzər rayonu, 237 nömrəli tam orta məktəbin müəllimi


Oxşar Xəbərlər

Back to top button