Analitika

“Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar artıq həyatın bütün sahələrində öz əksini tapır. Bu islahatlar bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da öz əksini tapır. Müasir Azərbaycan 30 il əvvəlki dövrdən tamamilə fərqlidir. Respublikamız günü-gündən inkişaf edən, dünyada söz sahibi olan dövlətdir. Elə bu səbəbdən də ötən illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, müasir beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Yaxın günlərdə “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması da dövrün tələblərindən irəli gəlirdi.

Hazırkı dövrə nəzər salsaq aydın şəkildə görərik Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir zamanda “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi vacib və gözlənilən qərardır. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 31 il bundan əvvəl-1992-ci il iyunun 3-də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi mühit bu qanun layihəsinə yenidən baxılması məcburiyyətini ortaya qoydu.

Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” , Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy” ,inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Bu qanunda diqqət çəkən bir sıra məqamlar var. Yeni qanun layihəsinə görə hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verir. Həmçinin dövlət siyasi partiyaların təsis ediməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanun mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Başqa bir demokratik xüsusiyyət isə siyasi partiyanın dövlət qeydiyyatı ,fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılması qərarıdır.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Allahverdiyeva Tomris,
Xəzər rayonu, 92 №li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button