“Siyasi partiyalar haqqında” yeni Qanun – siyasi sferada yeniliklər
Bir çox müraciətlər “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbuluna zərurət doğurmuşdur. Ölkədə formalaşan yeni siyasi konfiqurasiyanı nəzərə alaraq qanunvericilik sahəsində də lazımi addımlar atılırdı.
Belə ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. Əvvəlcə onu deyək ki, qəbul olunmuş yeni qanuna əsasən hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. “Siyasi partiyalar haqqında” yeni Qanunun diqqət çəkən məqamları olduqca çoxdur. Meselen, siyasi partiya dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinə, həmçinin digər şəxslərin sahibkarlıq fəaliyyətinə müdaxilə etməməlidir. Əvvəlki Qanundan fərqli olaraq siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir. Proqrama malik olmaq tələbi qeydiyyatda olan partiyalara da şamil olunmuşdur. Siyasi partiyanın sədri və sədr müavinləri partiyanın qurultayarası kollegial idarəetmə orqanında və məşvərətçi qurumlarında, o cümlədən onların rəhbərliyində təmsil oluna bilər. Nəzarət orqanının üzvü siyasi partiyanın digər orqanlarında və struktur qurumlarında təmsil oluna bilməz. Şəxs yalnız bir siyasi partiyanın üzvü ola bilər. Heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Şəxsin siyasi partiyadakı üzvlüyü və onun partiyanın fəaliyyətində iştirakı, həmçinin siyasi partiya üzvlüyünün olmaması onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına, hər hansı imtiyazın verilməsinə və ya qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtinaya əsas ola bilməz. Özü barədə rəsmi məlumatların təqdim edilməsi zamanı şəxsdən siyasi partiyadakı üzvlüyünə və ya üzvlüyünün olmamasına dair məlumatın göstərilməsinin tələb edilməsinə yol verilmir.
Əvvəlki qanundan fərqli olaraq siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Əlavə olaraq onu da qeyd edək ki, siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.
Abdullazade Turkanə,
Xəzər rayonu, 183 №li tam orta məktəbin müəllimi