Analitika

“Siyasi partiyalar haqqında Qanun”un Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına töhfə verəcək

Siyasi partiyalar haqqında ilk Qanun 30 il əvvəl qəbul olunub. O zaman ölkədə fərqli siyasi mühit mövcud idi. Bundan əlavə, siyasi partiyaların təsis edilməsi və fəaliyyət göstərməsi çox primitiv tələblər əsasında qurulmuşdu. Təbii ki, 30 il əvvəl partiyaların şəxsi maraqlar üzərində mübarizəyə qoşulması ölkənin siyasi mənzərəsində durğunluq müşahidə olunurdu. Buna baxmayaraq, qanun qəbul olunandan ötən 30 ildə ölkə böyük inkişaf yolu keçdi. Müstəqilliyimiz möhkəmləndi, dövlətçilik əsasları və yeni reallıqlar yarandı. Ölkənin həyatı tamamilə dəyişdi və Azərbaycan qalib ölkəyə çevrildi. Bu gün isə daha fəal siyasi mühitin formalaşması yeni reallığın çağırışıdır. Ölkədə keçirilən islahatlar həyatımızın hər bir sahəsini əhatə edir. Siyasi sistemin mərkəzi elementi olan partiyalar, ilk növbədə, dövlətdə siyasi hakimiyyətə malik olmağa can atır, yerli və mərkəzi idaretmə orqanlarında öz nümayəndələri vasitəsilə təmsil olunmaq istəyirlər. Bu reallığı bütün sivil və demokratik dövlətlər qəbul edir və öz fəaliyyətlərində rəhbər prinsip kimi həyata keçirirlər. Demokratik dünyanın mühüm tərkib hissəsi olan Azərbaycan Respublikası da bu baxımdan istisna təşkil etmir. Ölkəmiz demokratiyaya davamlı proses kimi yanaşaraq, onun inkişafı naminə ardıcıl və sistemli addımlar atır, siyasi sistemin daha da təkmilləşməsi məqsədiylə müvafiq islahatlar kursunu həyata keçirir. Ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşdı. Siyasi mədəniyyət keyfiyyətcə yeni mərhələyə keçdi. Partiyalararası dialoqun möhkəm təməli qoyuldu və onun inkişaf istiqamətlərinin konturları cızıldı.Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuz və “dəmir yumruq”a çevrilmiş xalqımızın əldə etdiyi tarixi qələbə yeni siyasi reallıqlar yaratdı. Bütün bu gerçəkliklər fonunda qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi mənafeyinə xidmət edən addımların atılması tarixi zərurətə çevrildi. Bu yolda ən mühüm addım “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Qanun layihəsinin hazırlanması prosesində dünyanın aparıcı 20 ölkəsinin təcrübəsi və Venesiya komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri nəzərə alındı.Venesiya Komisiyasının ən mühüm tövsiyələrindən birində qeyd olunur : “Siyasi partiyalar haqqında” qanunlar açıq və şəffaf şəkildə qəbul olunmalıdır. Bu məqsədlə qanun layihələrinin geniş ictimai müzakirələri keçirilməlidir.  Siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında mühüm rol oynayan qurumlardır. Güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdələrinə düşən vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların böyük əksəriyyətinin qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitələrinin  rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsilçiliyi bu istiqamətdə atılan mühüm addımlardan sayılmalıdır. Bu baxımdan, qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, qanunun qəbulundan sonra kiçik partiyaların siyasi arenada qalması xeyli çətin olacaqdır. “Kiçik olsun, mənim olsun” düşüncəsi ilə partiya yaradan və rəhbərlik etdiyi partiyadan yalnız özünün reklamı üçün istifadə etməyə çalışan siyasilər yanaşmalarını dəyişmək məcburiyyətində qalacaqlar. Onlar da, nəhayət, anlamaq məcburiyyətindədirlər ki, güclü kadr bazası, yerli strukturları olmayan partiyalar dövlətə və xalqa tələb olunan qədər xeyir verə bilməzlər. Unutmaq olmaz ki, bu gün müxalifətdə olan partiyalar nə vaxtsa hakimiyyətə gəlməyə namizəd olan siyasi qurumlardır. Bu səbəbdən hər bir siyasi partiyanın müxtəlif sahələr üzrə proqramları və təbii ki, bu proqramları hazırlayan və onların icrasını təmin edən kadr bazası olmalıdır. Yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, onların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button