
Azərebaycandan nə qədər uzaq olsa da, fərqli regionlarda yerləşsək də, mehriban dostluq, səmimi münasibətlər, strateji tərəfdaşlıq ölkələrimizi bir-birinə bir o qədər yaxınlaşdırır. Təbii ki, bu münasibətlərdə hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi, milli maraqlara həssas yanşılmaları ilə bərabər, Azərbaycan Respublikasının gündən-günə artan beynəlxalq nüfuzu, onun yüksək iqtisadi nailiyyətləri, dövlət başçısının çevik xarici siyasəti və şəxsi keyfiyyətləri mühüm rol oynayr. Etiraf edək ki, bugünkü mürəkkəb və ziddiyyətli, həm də getdikcə daha çox qütbləşən dünyada Azərbaycan Prezidenti çox az siyasi liderlərdəndir ki, hamı tərəfindən səmimiyyətlə qarşılanır və ehtiram göstərilir. Onun fevralın 15-də Serbiya Respublikasına səfərinin həm dövlət, həm də serb xalqı tərəfindən yüksək coşqu və hərarətlə qarşılanması şəxsiyyətin beynəlxalq nüfuzunun daha bir göstəricisi sayıla bilər. Serbiya Prezidenti Aleksandar Vuçiçin Azərbaycanın dövlət başçısının “iş qrafikinin vacib və sıx olmasına” baxmayaraq, onun ölkəsinə səfərə gəlməsini tarixi hadisə kimi qiymətləndirməsi və bunu özü üçün bir çox məsələlərə “bir təcrübəli dövlət xadiminin, həqiqi liderin” baxış bucağından hadisələrə baxa bilmək şansı kimi dəyərləndirməsi bizim hər birimiz üçün qürurverici hadisə hesab edilməlidir. Məlum olduğu kimi, Serbiya Balkan yarmadasının nüfuzlu və strateji baxımdan önəmli dövlətlərindən biri olmaqla həm də yarımadadakı yeni yaranmış respublikalarla əlaqələr üçün körpü sayılmalıdır. Bu mənada Serbiya Prezidentinin səsləndirdiyi fikirlər, əslində, tək özünün deyil, bütövlükdə region dövlətlərinin Azərbaycan dövlət başçısı haqqında ümumi rəyi kimi qəbul edilməlidir.
Serbiya Prezidenti A.Vuçiç Aərbaycan Prezidentinə müraciətlə deyir: “…Mən sizdən öyrəndim, bəzi prosesləri sizin sayənizdə özüm müşahidə etdiyimdən daha yaxşı, daha dərindən dərk etdim, Azərbaycan xalqı qarşısında söyləmək istəyirəm ki, hər dəfə Sizinlə danışanda çox şey öyrənirəm”. Bu çox yüksək qiymətdir, çox nadir halda bir dövlət başçısı digər bir dövlətin başçısını özü üçün müəllim sayır.
Məlum olduğu kimi, Azərbaycanla Serbiya arasındakı münasibətlər ilk gündən yüksələn xətt üzrə getmiş və bu gün demək olar ki, həyatın bütün sahələrini əhatə etməkdədir.
Ölkələrimiz arasında ikitərəfli diplomatik münasibətlərin tarixi 1997-ci ilə gedib çıxsa da, 2013-cü ildə Bakıda “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” ilə o, yeni və daha yüksək mərhələyə daxil olmuşdur. 2018-ci ildə Bakıda “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nın və 2022-cü ildə Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumun imzalanması dostluq və qarışılıqlı hörmət prinsipi üzərində qurulmuş münasibətlərin siyasi, iqtisadi, mədəni, ekoloji, enerji təhlükəsizliyi və s. sahələrdə də dərin əməkdaşlığa çevrilməsinə gətirib çıxarmışdır.
Aleksandar Vuçiç fevral görüşünə qədər Azərbaycanla Serbiya arasında 57 sənədin imzalandığını bildirir və o, strateji sahədə əməkdaşlıqla bərabər, sosial həyatın müxtəlif sahələrində daha mühüm və daha böyük işlər görülməsinin mümkünlüyünü vurğulayır. A.Vuçiç bu sırada turizmi, logistikanı xüsusi qeyd edir.
Qeyd edək ki, cari ilin may ayından başlayaraq Bakı-Belqrad arasında nəzərdə tutulan birbaşa aviareysin açılması ölkələrimizi bir-birinə daha da yaxınlaşdıracaq, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, “iki dost ölkənin bir-birinin yanında olmasına” şərait yaradacaq.
Azərbaycan Respublikasının Prezidenti dünyanın hansı ölkəsinə səfər edirsə, həmin ölkədə çıxışı zamanı adıçəkilən dövlətin siyasi-iqtisadi, tarixi- mədəni, strateji-coğrafi və s. xüsusiyyətləri barədə dərin məzmunlu lakonik çıxışı ilə auditoriyanı heyrətləndirir. O, Serbiyadakı çıxışına da ölkənin dəqiq siyasi-iqtisadi xarakteristkasını verən cümələlərlə başladı: “Serbiya təbii sərvətləri olmadığı, heç bir yerdən yardım almadığı halda, iqtisadi cəhətdən uğurla inkişaf edən və yalnız öz gücünə arxalanan bir dövlətdir, bu isə Avropa məkanında yerləşən ölkə üçün, xüsusi amil kimi qiymətləndirilməlidir.” Prezident İlham Əliyev əməkdaşlığın piorotetlərini təkcə siyasi, iqtisadi, energetika, turizm, logistika, sərmayə, tikinti və s. sahələrdə əlaqələrlə məhddlaşdırmır, o, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin vacibliyini diqqətə çatdırır. Bu isə Prezident İlham Əliyevin hər bir dövlət başçısı ilə görüşü güclü siyasi strateq kimi dünyada baş verən proseslər baxımından qiymətləndirdiyini bir daha təsdiq edir. Görüşdə Azərbaycan Prezidenti enerji məsələləri üzərində xüsusi dayanır, o, “təbii resursları olmayan ölkələrin bir çox hallarda asılı vəziyyətə düşdüyünü nəzərə alaraq” dost ölkənin başçısına elektrik stansiyalarının tikintisini, yenidən qurulmasını, onların reabilitasiyasını sürətləndirməyi məsləhət görür və bu sahədə Azərbaycanın öz dəstəyini əsirgəməyəcəyini bildirir.
Təbii ki, dövlət başçımız heç bir məqamda Aərbaycanın maraqlarını unutmur: “Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”.
Bir sözlə, beynəlxalq proseslər müstəvisində Azərbaycan-Serbiya əlaqələri siyasi harmoniyanın mükəmməl nümunəsi sayıla bilər.
dos. İbrahim N.Quliyev,
Bakı Slavyan Universitetinin kafedra müdiri



