AnalitikaGündəmSiyasət

Siyasətdə Ulu Öndər Heydər Əliyev üslubu

Azərbaycanın müasir siyasi tarixində xüsusi mərhələ yaradan şəxsiyyətlər sırasında Ulu Öndər Heydər Əliyevin adı birinci sırada çəkilir. O, dövlətçilik düşüncəsi, uzaqgörən strategiyası, xalqına olan məhəbbəti və müdrik idarəçilik üslubu ilə yalnız Azərbaycan üçün deyil, həm də bütün türk və islam dünyası üçün nümunəvi lider obrazı formalaşdırmışdır. Heydər Əliyevin siyasətə gətirdiyi üslub, onun prinsipləri, rəhbərlik fəlsəfəsi və strateji yanaşması həm Azərbaycan tarixində, həm də beynəlxalq münasibətlərdə dərin iz buraxmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi üslubu möhkəm dövlətçilik ideyalarına, milli maraqların qorunmasına və cəmiyyətin bütün təbəqələrinin birliyinə əsaslanırdı. O, hər zaman Azərbaycanın müstəqilliyini, suverenliyini və milli maraqlarını ali məqsəd kimi qarşıya qoyurdu. Onun üslubunun ən mühüm cəhətləri prinsipiallıq, qətiyyətlilik, millətə bağlılıq və uzaqgörənlik idi.Ulu Öndərimiz idarəçilikdə yüksək tələbkarlığı ilə seçilirdi. O, kadr siyasətində səriştəni, peşəkarlığı və dövlətə sədaqəti əsas götürürdü. Onun rəhbərliyi altında yetişən kadrlar sonrakı illərdə də Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadılar.

Onun üslubunda dövlət intizamı, nizam-intizamlı iş prinsipləri və şəffaflıq mühüm yer tuturdu. Heydər Əliyev hər bir rəhbərin fəaliyyətini ciddi nəzarətdə saxlayır, dövlətçiliyə xələl gətirən hər hansı məsuliyyətsizliyə yol vermirdi.
Ümummilli lider Heydər Əliyevin siyasi üslubunun fərqləndirici cəhətlərindən biri də beynəlxalq münasibətlərdə çevik və balanslaşdırılmış siyasət yürütməsi idi. O, Azərbaycanın həm Qərb, həm də Şərq dövlətləri ilə münasibətlərini bərabər şəkildə inkişaf etdirir, ölkəmizin geosiyasi mövqeyindən maksimum faydalanırdı.

“Əsrin müqaviləsi”nin imzalanması, regionda enerji təhlükəsizliyi konsepsiyasının formalaşdırılması və Azərbaycanın beynəlxalq təşkilatlarda möhkəmlənməsi məhz onun uzaqgörən siyasətinin nəticəsi idi.

Heydər Əliyev siyasətçi olmaqla yanaşı, həm də böyük dövlət xadimi idi. Onun üslubu yalnız siyasi qərarlarda deyil, xalqla münasibətlərində də özünü göstərirdi. O, sadəliyi, səmimiyyəti və xalqına yaxınlığı ilə seçilirdi. Xalqın etimadını qazanmaq üçün populizmdən istifadə etmirdi, əksinə, konkret işləri və real nəticələri ilə insanların qəlbində böyük hörmət və sevgi qazanmışdı.

Ulu Öndərin müəyyən etdiyi siyasi xətt bu gün də Azərbaycan dövlətinin əsas strateji inkişaf yolunu müəyyən edir. Onun siyasi üslubu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzu, regional güc mərkəzinə çevrilməsi, iqtisadi tərəqqi və sabitliyin qorunması məhz Heydər Əliyev irsinin davamıdır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasət üslubu Azərbaycan dövlətçiliyinin əsası, milli ideologiyanın dayağı və müasir inkişaf yolunun strateji bazasıdır. O, öz fəaliyyəti ilə sübut etmişdir ki, böyük siyasət yalnız xalqın maraqlarına xidmət etdikdə əbədi və davamlı olur. Bu gün də Heydər Əliyev üslubu həm dövlət idarəçiliyində, həm də ictimai-siyasi həyatımızda yol göstərən bir məktəb olaraq qalır.

Ziya Vəliyev
YAP Şəki rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button