Şirvan suvarma kanalının yenidən qurulmasının təməlinin qoyulması
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 16 aprel tarixində Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Hacıqabulda yeni təməli qoyulmuş Şirvan suvarma kanalı istifadəyə verildikdən sonra rayonlara su bölgüsü asanlaşacaq.
1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir.
Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb.
Azərbaycan maliyyə resurslarını fəal şəkildə qeyri-neft sektoruna yönəldir, həm də onun sürətli inkişafı üçün xarici investisiyaları cəlb edir. Son illər həyata keçirilmiş infrastruktur islahatları Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir. Xüsusilə də qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ümumi inkişaf üçün strateji önəm daşıyır. Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Onilliklərdir qlobal səhralaşma problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı. 2022-ci ilin yağışlı yazında suvarma suyu qıtlığı ilə bağlı vəziyyət bir qədər sabitləşsə də, aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Buna görə də, suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir.
Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.
Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır.
Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun otuz illik işğalı ərzində erməni təcavüzkarları rayonun su infrastrukturunu tamamilə yararsız vəziyyətə salmaları da su təsərrüfatında quruculuq və bərpa işlərinin intensiv aparılmasına zərurət yaradır. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb. Bu gün işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir.
Azərbaycan heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir.
Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüsüdür.
Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm içməli su kimi istifadə edilə biləcək. Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və Azərbaycanın da Xəzər dənizi kimi böyük su hövzəsi var. Beləliklə, 16 aprel tarixində prezident İlham Əliyev tərəfindən təməli qoyulan kanalın yaxın gələcəkdə çox böyük müsbət nəticələri olacaq.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, kənd təsərrüfatının inkişafı geniş vüsət almışdır. Oraya qayıdan vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Eyni zamanda, ən müasir texnologiyaların tətbiqi nəticəsində orada həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən gözəl yerlərindən biridir və kənd təsərrüfatı üçün yararlı torpaqların, su resurslarının – çayların, bulaqların, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır. Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində qeyd edib: “hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum məhsuldarlıq, maksimum səmərə götürək və bunu edəcəyik”.
Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Ləman Babalı,
Xəzər rayonu, 149 nömrəli tam orta məktəbin müəllimi