Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir.
Azərbaycanda uzun illər ərzində nəqliyyat-logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə mühüm layihələr icra edilib, dəmir və magistral yollar istifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Bütün bunlarla bərabər, Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırılıb. Yeni Bakı Dəniz Ticarət Limanı (Bakı limanı) 15 milyon tondan 25 milyon tona qədər genişləndirilib, hava limanları layihələrinin tamamlanması prosesi gerçəkləşdirilib. Respublikamızda tikilən Bakı limanı kimi regional və beynəlxalq əhəmiyyətli nəhəng infrastrukturun inkişafını dövlətimizin başçısı daim diqqət mərkəzində saxlayıb. Cari ilin ilk yarısının yekunlarına həsr olunan müşavirədə ölkə rəhbəri bu limanın ikinci fazasının inşasına başlanılmasının vacibliyini bəyan edərək, Xəzər dənizi vasitəsilə yükdaşımaların həcminin artırılmasının artıq reallıq olduğunu bildirib. “Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır”, – vurğulayan dövlətimizin başçısı, həm də Azərbaycanın tranzit əhəmiyyətinin artmasını diqqətə çatdırıb.Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirir, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edir. Bu kompleks, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını gerçəkləşdirir. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli logistik zəncirin formalaşdırılması üçün zəmin yaranır. Bakı Limanının ətrafında Dubaydakına bənzər azad iqtisadi zona modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və s. rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır;Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.
Rəşad Ədilzadə,
Bakı Texniki Kollecin tələbəsi