
Ümummilli lider Heydər Əliyev qadın haqqında deyirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar”. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi siyasətin nəticəsində bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Ana və uşağın qorunması, qadın sahibkarların dəstəklənməsi, çoxuşaqlı analara və ailələrə yardım göstərilməsi, qadınların məşğulluğuna dəstək verilməsi, yaşlı nəslə qayğı göstərilməsi dövlət siyasətinin mühüm istiqamətləri olaraq daim diqqət mərkəzində saxlanmışdır. Bu məsələlər ölkəmizdə qanunvericilik səviyyəsində də kifayət qədər tənzimlənir. Qadın hüquq və azadlıqları əsas qanunumuz olanKonstitusiyamızda da öz əksini tapıb. Belə ki, Konstitusiyanın 25-ci maddəsində hamının, eləcə də bütün qadın və kişilərin qanun və məhkəmə qarşısında bərabərliyi, onların eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit olunub. Həmin maddənin üçüncü hissəsi hər kəsin cinsindən asılı olmayaraq hüquq və azadlıqlarına təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətinə görə məhdudlaşdırılmasını da qadağan edir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər bir qadının sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var.
Bu gün Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı nəticəsində, bu vacib məsələyə xüsusi həssaslıq nümayiş etdirilir və əhəmiyyətli qərarlar, həmçinin qanunlar qəbul olunur. Hazırda ölkəmizdə qadınların və 16 yaşa qədər uşaqları olan anaların əmək hüququ və sosial müdafiəsi “Əmək Məcəlləsində”, “Məzuniyyətlər haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında” və “Əhalinin məşğulluğu haqqında” qanunlarda da öz əksini tapmışdır. 1998-ci ildə yaradılmış “Qadın Problemləri üzrə Dövlət Komitəsi” Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə adı dəyişdirilərək daha konkret və daha geniş sferanı əhatə edən “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” kimi yenidən formalaşdırılmış və fəaliyyətini uğurla davam etdirməkdədir. 2006-cı ildə, eyni zamanda, ölkə Prezidentinin təşəbbüsü ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da qəbul olunmuşdur. Həmin “Qanun”da kişi və qadınların ictimai, siyasi, mədəni və sosial sahələrdə hüquq bərabərliyini nəzərdə tutulur. 8 Mart Beynəlxalq Qadınlar Gününün ölkəmizdə rəsmi bayram kimi qeyd olunması da qadınlara göstərilən diqqət və qayğının bir təzahürüdür.
Bu gün inkişaf və yüksəliş dövrünü yaşayan müstəqil və güclü Azərbaycan dünya ölkələri sırasında özünəməxsus ictimai-siyasi çəkisi ilə bir çoxlarına nümunədir. Azərbaycanla, onun Prezidenti cənab İlham Əliyevlə dünya liderləri hərtərəfli dostluq və əməkdaşlıq əlaqələri qurmağa çalışırlar. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan qadınlar arasında bacarıqlı siyasətçilər, iş adamları, dövlət məmurları da az deyil. Öz xeyirxahlığı və nəcibliyi, yorulmaz ictimai fəaliyyəti ilə həm Azərbaycanda, həm də dünyada yüksək hörmət qazanan birinci xanım, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva məqsədyönlü fəaliyyəti və dəst-xətti ilə müasir tariximizdə özünəməxsus yer almış şəxsiyyətlərdəndir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gərgin səyləri nəticəsində xalqımızın milli və qədim bayramlarından olan Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Onun təşəbbüsü və dəstəyi ilə Azərbaycan milli-mənəvi dəyərlərinin dünyaya inteqrasiya olunması da böyük əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fond Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlər həyata keçirir, dini tolerantlığın bərqərar olmasına, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək verir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan digər vacib layihə “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı əsasında təhsil sahəsində mövcud olan bir sıra problemlərin həllinə nail olundu. Müasir standartlara cavab verən təhsil kompleksləri yaradıldı, proqram çərçivəsində müasir məktəb binaları inşa olunub istifadəyə verildi. Onun irəli sürdüyü “Təhsilə dəstək” layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir.
Qadınlar müstəqil Azərbaycanın iqtisadiyyata mühüm töhfələr verirlər. Onlar əmək bazarında vacib rol oynayır və iqtisadi nailiyyətlərimizin daim artmasına və inkişafına öz töhfəsini verirlər. Qadınlar həmçinin sübut ediblər ki, uğurlu sahibkarlardırlar və kişilərlə bərabər daha səmərəli şəkildə öz bizneslərini qururlar.
Bu gün qadın yaxşı işçi, əməkdaş, uğurlu biznes-ledidir; ona işə vicdanlı yanaşma və məsuliyyət hissi xasdır. O, Azərbaycan cəmiyyətində elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də istənilən sahədə ciddi uğurlar əldə edir və rəhbər vəzifələr tutur. Müasir qadın texnologiya və tərəqqi dünyasında bu funksiyaların hər ikisini məharətlə birləşdirə bilir. Qadınlar dövlət idarəçiliyində iştirak edir, ən mühüm siyasi qərarların qəbulunda rol oynayır, ictimai fəaliyyətləri inkişaf etdirir və böyük biznes layihələrini həyata keçirirlər. Müasir Azərbaycan xanımı hansı işlə məşğul olur olsun, onu böyük məsuliyyət və ürəklə yerinə yetirir və buna görə də layiq olduğu hörmət və ehtiramı qazanır.
Müasir dövrdə qadının rolu dəyişir. Bu, ilk növbədə həyat şəraitinin köklü şəkildə dəyişməsi,ölkəmizdə qadınlar üçün özünü reallaşdırmaq və şəxsi inkişaf üçün daha çox imkanların yaranması ilə bağlıdır. Müasir dünyada qadın öz potensialını istənilən sahədə reallaşdıra bilər; əsas odur ki, motivasiya və kifayət qədər əzmkarlıq olsun.
Bakı Slavyan Universitetinin
Şərqi slavyan filologiyası kafedrasının müdiri dos. Kamran Hacıyev



