Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir
Prezident İlham Əliyevin düşünülmüş strategiyası Azərbaycanın Avropa və dünya ölkələri arasında reytinqini getdikcə yüksəldir. Respublikamız artıq Avropanın enerji təhlükəsizliyi təminatıda əsas rol oynayan ölkələrdən birinə çevrilib. Azərbaycanın qaz ixracı coğrafiyası da getdikcə genişlənir. Hazırda ölkəmizin təbii qazı səkkiz ölkəyə ixrac edilir. Serbiya isə doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Avropanın enerji təhlükəsizliyinə önəmli töhfə verəcəkdir. Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Layihənin həyata vəsiqə almasında ölkəmizin önəmli rol oynadığını Serbiyanın mədən və energetika naziri də diqqətə çatdırdı. Bu fakt bir daha təsdiqləyir ki, Azərbaycanın rolu olmadan, hətta bir sıra beynəlxalq layihələrin də reallaşdırılması mümkün deyil.
Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər daim yüksək səviyyədə olub. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Hal-hazırda da ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. Əlavə olaraq qeyd edə bilərəm ki, 2018-ci ildə dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamədə imzalanmışdır. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, Azərbaycan və Serbiyanın bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub. Həmçinin bu görüşlərdə diplomatik münasibətlərin qurulmasının digər qitə ölkələri üçün böyük əhəmiyyət kəsb edir. İmzalanan yeni sənədlər nəyin ki Azərbaycan və Serbiya munasibətlərinə, Avropa qitəsi üçün strateji əhəmiyyətə malikdir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki inkişaf sahəsində başlanılan ciddi əməkdaşlığın böyük gələcəyi var. Təkcə iqtisadi məsələlər deyil, digər sahələrdə də yaxşı nəticələr var.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüş zamanı bu fikirləri səsləndirmişdir. “Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”. Ölkə başçısının bu fikirləri səsləndirməsi təsadüfi deyil. Bu fikirlər onu göstərir ki, bizim üçün əsas olan yalnız beynəlxalq hüququn prinsipləridir. Biz bütün dövlətlərlə münasibətlərimizi bu prinsiplərə uyğun qururuq. Azərbaycan və Serbiya iki tərəfdaş ölkə kimi hər zaman eyni mövqeydən çıxış etmiş, ikili standartlara qarşı olmuşdur. Bunlara əsaslanaraq demək olar ki, Azərbaycan-Serbiya münasibətləri son illərdə daha da möhkəmlənmiş və müsbət dinamika üzrə inkişaf etmişdir.
Zəhra Əkbərova,
Xəzər rayonu, R. Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi



