Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri regionların istehsal imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılmasıdır. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların yaradılması geniş vüsət alıb. Müasir infrastrukturla təmin olunan bu iqtisadi zonalar sahibkarların fəaliyyət göstərməsi üçün yeni imkanlar formalaşdırmaqla yanaşı, bölgələrdə istehsal və emal zəncirinin inkişafına da şərait yaradır.
Hazırda Azərbaycanın sənaye xəritəsi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Sumqayıt, Balaxanı, Qaradağ, Pirallahı, Mingəçevir, Ağdam, “Araz Vadisi İqtisadi Zonası”, Hacıqabul və Naxçıvan sənaye parkları müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərir. 2026-cı ilin əvvəlində Gəncə və Şəmkir ərazisində Qərb Sənaye Parkının yaradılması ilə bu şəbəkə daha da genişləndirilib. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, sənaye parklarında 142 sahibkarlıq subyekti rezident, 13 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdadır və onların 80-i artıq fəaliyyətə başlayıb.
Sənaye parklarının yaradılmasının əsas üstünlüklərindən biri sahibkarların hazır infrastruktur və dövlət dəstəyi mexanizmlərindən yararlanmasıdır. Bu ərazilərdə istehsal fəaliyyəti üçün zəruri kommunal və logistika imkanlarının formalaşdırılması biznes layihələrinin reallaşdırılmasını asanlaşdırır. Eyni zamanda sənaye parklarının rezidentləri müəyyən müddət ərzində əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal olunan texnika və texnoloji avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azadolmalar kimi güzəştlərdən faydalanırlar.
Sənaye parklarının coğrafiyasının genişlənməsi regionların yalnız xammal və kənd təsərrüfatı məhsulları ilə tanınan ərazilər kimi deyil, həm də emal və istehsal mərkəzləri kimi formalaşmasına imkan verir. Məsələn, Mingəçevir Sənaye Parkında tekstil və yüngül sənaye, Pirallahı Sənaye Parkında əczaçılıq, qida və qablaşdırma, Qaradağ Sənaye Parkında gəmiqayırma, Ağdam Sənaye Parkında isə tikinti materialları və kənd təsərrüfatı məhsullarının emalı istiqamətləri ön plana çıxır. Bu ixtisaslaşma müxtəlif regionların iqtisadi potensialından onların xüsusiyyətlərinə uyğun istifadə edilməsinə imkan yaradır.
Ağdam Sənaye Parkı bu prosesin diqqət çəkən nümunələrindən biridir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan park artıq rezidentlərinin sayına görə ölkənin ən iri sənaye parklarından birinə çevrilib. 2026-cı ilin yanvar-iyun aylarında burada 976 milyon manatlıq məhsul satılıb, bunun 42 milyon manatlıq hissəsi ixracın payına düşüb. Parkda 12 müəssisə fəaliyyət göstərir, daha 12 müəssisənin tikintisi davam edir. Bu göstəricilər sənaye infrastrukturunun yaradılmasının regionda real iqtisadi fəallığa çevrilə bildiyini göstərir.
Sənaye parkları ilə yanaşı, aqroparkların inkişafı da regionların iqtisadi potensialının daha səmərəli istifadəsinə xidmət edir. Aqropark modeli kənd təsərrüfatında istehsal, emal, saxlama və logistika imkanlarının bir-biri ilə əlaqələndirilməsinə şərait yaradır. Belə təsərrüfatların yaradılması kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinə, məhsuldarlığın artırılmasına və istehsal olunan məhsulların bazara daha sistemli şəkildə çıxarılmasına imkan verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, hazırda onun idarəçiliyində 51 aqropark fəaliyyət göstərir. Bu fakt aqropark modelinin artıq ayrı-ayrı layihələrdən daha geniş iqtisadi mexanizmə çevrildiyini göstərir. Aqroparkların inkişafı regionlarda kənd təsərrüfatının sənaye üsulu ilə təşkili, emal müəssisələrinin yaradılması və kənd təsərrüfatı məhsullarının əlavə dəyər zəncirinə daxil edilməsi baxımından əhəmiyyətlidir.
Sənaye parkları və aqroparkların paralel inkişafı bir-birini tamamlayan iqtisadi proseslər yaradır. Kənd təsərrüfatı məhsullarının istehsal olunduğu regionlarda onların emalı və qablaşdırılması üçün müəssisələrin yaradılması məhsulun son dəyərinin artırılmasına imkan verir. Eyni zamanda sənaye müəssisələrinin fəaliyyəti ətrafında logistika, nəqliyyat, xidmət və təchizat sahələrində yeni biznes imkanları meydana çıxır.
Bu iqtisadi zonaların regionlarda məşğulluğa təsiri də xüsusi əhəmiyyət daşıyır. Sənaye zonalarına müəssisələr tərəfindən indiyədək 7,2 milyard manat investisiya yatırılıb və bunun nəticəsində 11 200-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 1,7 milyard manatdan çox investisiyanın qoyulması və 11 mindən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Beləliklə, sənaye parkları və aqroparklar Azərbaycanın regionlarında iqtisadi fəallığın artırılması üçün mühüm mexanizmlərdən birinə çevrilib. Bu zonaların fəaliyyəti yalnız yeni müəssisələrin yaradılması ilə məhdudlaşmır. Burada formalaşan istehsal, emal, logistika və xidmət zənciri sahibkarlığın inkişafına, yeni iş yerlərinin yaranmasına və yerli məhsulların həm daxili, həm də xarici bazarlara çıxarılmasına imkan verir.
Qərb Sənaye Parkının yaradılması da bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Gəncə və Şəmkir ərazilərini əhatə edən parkın yaradılması zamanı qeyri-neft sektorunun inkişafı, yerli resurslara əsaslanan rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi, regionlarda iqtisadi fəallığın və məşğulluğun artırılması məqsədləri müəyyənləşdirilib. Parkın fəaliyyət istiqamətlərindən biri də dağ-mədən sənayesinin inkişafı ilə əlaqələndirilir.
Regionlarda sənaye və aqrar istehsal imkanlarının genişləndirilməsi Azərbaycanın iqtisadi inkişaf modelində ərazi üzrə daha balanslı iqtisadi fəallığın formalaşmasına xidmət edir. Paytaxtla yanaşı, müxtəlif şəhər və rayonlarda istehsal müəssisələrinin yaradılması insanların öz yaşadıqları bölgələrdə işləmək imkanlarını artırır, yerli sahibkarlığın inkişafına təkan verir və regionların iqtisadi potensialını daha geniş şəkildə dövriyyəyə daxil edir.
Bu baxımdan sənaye parkları və aqroparklar Azərbaycanın yeni iqtisadi məkanlarının formalaşmasında mühüm rol oynayır. Müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi, özəl investisiyaların cəlb edilməsi və yerli resurslardan səmərəli istifadə bu zonaların fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Regionlarda belə iqtisadi mərkəzlərin sayının artması ölkənin istehsal gücünün genişlənməsi və qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar yaradır.
Səbinə Məmmədova,
YAP Xətai rayon təşkilatı fəalı



