
Azərbaycanın sənaye siyasətində sənaye parklarının yaradılması mühüm istiqamətlərdən birinə çevrilib. Müxtəlif regionlarda fəaliyyət göstərən sənaye parkları yeni müəssisələrin yaradılmasına, istehsalın genişləndirilməsinə və yerli iqtisadi fəallığın artırılmasına şərait yaradıb. Qərb Sənaye Parkının yaradılması isə bu siyasətin dağ-mədən və metallurgiya sahəsində davamı kimi çıxış edir.
Sənaye parklarının üstünlüklərindən biri müxtəlif istehsal müəssisələrinin vahid infrastruktur ətrafında birləşdirilməsidir. Bu model müəssisələr üçün enerji, logistika, kommunal xidmətlər və digər imkanlardan daha səmərəli istifadə etməyə şərait yarada bilər. Eyni zamanda, bir müəssisənin istehsal etdiyi məhsul digər müəssisə üçün xammal və ya aralıq məhsul rolunu oynaya bilər.
Qərb Sənaye Parkında da bu prinsipin tətbiqi nəzərdə tutulur. Daşkəsən filiz yatağının istismarı ilə yanaşı, zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalı kimi mərhələlərin yaradılması planlaşdırılır. Beləliklə, hasilat və emal proseslərinin vahid sənaye sistemində birləşdirilməsi mümkün ola bilər.
Sənaye parklarının regional inkişaf baxımından əhəmiyyəti də böyükdür. Yeni müəssisələr ətraf ərazilərdə məşğulluğun artmasına və sahibkarlıq imkanlarının genişlənməsinə şərait yaradır. Regionlarda iqtisadi fəaliyyətin artması xidmət sahələrinin də inkişafına səbəb ola bilər. Buna görə Qərb Sənaye Parkının yaradılması yalnız dağ-mədən sənayesinin deyil, bütövlükdə region iqtisadiyyatının inkişafına təsir göstərə biləcək layihədir.
Mürsəl Bəkirli,
YAP Nizami rayon təşkilatının fəalı



