Analitika

Səmimi dostluğun təzahürü

Azərbaycanın faydalı qazıntılarla zənginliyi onu daima dost və düşmən dövlətlər üçün cəlbedici qılmışdır. Dost əməkdaşlıq yaratmaq, düşmən isə işğal edib respublikanın təbii ehtiyatlarını mənimsəmək niyyətində olmuşdur. Bu cür ikili yanaşma sərgiləyən dövlətlərin əhatəsində varlığını qoruyub saxlamaq, təhlükəsizliyini təmin etmək, təbii ki, strateji zəka tələb edirdi. Bu zəkaya malik ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu və İlham Əliyevin layiqli şəkildə davam etdirdiyi enerji siyasəti dost dövlətlərlə iqtisadi əməkdaşlığın sahələrini genişləndirməyi və beləcə Azərbaycan Respublikasının müttəfiqlərinin sayını artırmağı hədəfləyirdi. Bununla, həm dövlətin gəlirləri artırılmış, həm beynəlxalq nüfuzu möhkəmlənmiş, həm də Azərbaycan Respublikasının siyasi maraqlarını müdafiə edən, onu dəstəkləyən dost dövlətlər qazanmış olurduq. Bir sözlə, dövlət başçılarımızın həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycan Respublikası özünün bu günü və gələcəyini qarantiya altına almış oldu.

Rusiyanın Krıma müdaxiləsindən sonra Avropa ölkələri qaz idxal etmək üçün alternativ enerji mənbələrinin axtarışına başladı. Çünki Rusiya öz işğalçı siyasəti ilə Avropa dövlətlərinin etirazına səbəb olmuş, hətta bəzi dövlətlər öz etirazını embarqo tətbiq etməklə nümayiş etdirmiş, eyni zamanda dünya dövlətləri tərəfindən “etibarsız tərəfdaş” kimi qəbul edilmişdi. Dünya miqyasında baş verən hər bir hadisəni Azərbaycan dövlətinin və xalqının rifahı naminə çevirməyi məharətlə bacaran İlham Əliyev “Cənub qaz dəhlizi” layihəsini irəli sürdü və beləliklə, Cənubi Avropa dövlətlərinin qaz ilə təminatını həyata keçirməyə başladı. Cənub Qaz Dəhlizi – uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Beləliklə, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişləndi. Hazırda təbii qazımız doqquz ölkəyə ixrac edilir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir. Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum effektiv şəkildə icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. 2021-ci ildə Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın – Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirir.

Azərbaycan Respublikasının Avropadakı iqtisadi tərəfdaşları sırasında Serbiya və Bolqarıstan dövlətləri də var. Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri onu göstərir ki, əməkdaşlıq əlaqələri davamlı olaraq inkişaf edir. Prezidentlərin şəxsi dostluq münasibətləri böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir. İmzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə əməkdaşlıq əlaqələrinin yüksək statusundan xəbər verir. Ölkəmizin Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaqdır.

Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Gələcək planlar qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. İnterkonnektorun fəaliyyəti ölkələrin sənaye inkişafına böyük töhfə verəcəkdir. Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə dəstəyini göstərdilər. Bu amil dostluğumuzun nümunəsidir.

Baxmayaraq, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əsas iqtisadi hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır. 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.

Bolqarıstan Prezidenti Rumen Radevinin cari ilin 10 dekabr tarixində Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışında qeyd etdiyi kimi:

-“Biz bu gün yalnız təbii qaz şəbəkələrini birləşdirmirik. Çünki Bolqarıstan–Serbiya interkonnektoru yalnız infrastruktur layihəsi deyil. O, bizim ölkələrimizin artan texnoloji imkanlarının, həmçinin Serbiya-Bolqarıstan, Bolqarıstan-Serbiya-Azərbaycan arasındakı uğurlu və faydalı əməkdaşlığın rəmzidir.”

Heydərli Yaxşı,
Xəzər rayonu, Z.Ağayev adına 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button