
Şəki Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatı və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” adlı tədbir keçirilib.
Aktualinfo.az xəbər verir ki, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi. Azərbaycanın müstəqilliyi məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində həyatımızın bütün sferalarında ciddi yeniliklər və uğurlar qazanılıb. Ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərpa olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur.
Vurğulanıb ki, 34 illik müstəqillik tariximizdə müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmiş qalib xalq kimi qarşılayırıq.
Sonra tədbirdə “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqillik yolu” mövzusunda videoçarx nümayiş etdirilib.
Tədbir yerli incəsənət ustalarının hazırladıqları bədii proqramla başa çatıb.