
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın ən yeni tarixinin, qazanılmış möhtəşəm uğurların Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, Ümummilli liderimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müasir iqtisadiyyatın əsaslarının yaradıldığını, əhalinin sosial müdafiəsinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Qeyd olunub ki, xarici siyasət sahəsində böyük dönüşün yaranması, 1994-cü ildə atəşkəsin əldə olunması, milli ordunun yaradılması istiqamətində atılan addımlar, “Əsrin müqaviləsi” adlanan neft kontraktlarının imzalanması, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında vacib rolu olan enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, 30-cu ildönümünü qeyd etdiyimiz müstəqil Azərbaycan Konstitusiyasının qəbulu bu dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir. Xalqa və dövlətə hər zaman layiqli xidmət edən Ulu Öndər böyük ehtiramla xatırlanır.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək Azərbaycan tarixinin son dərəcə ağır bir dövründə ziyalıların ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevə müraciət etməsindən, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP-nın Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılması istiqamətində uğurla fəaliyyət göstərməsindən, Ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan sabitlik yoluna qədəm qoymasından, müstəqilliyin möhkəmləndirilməsindən danışıb. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin siyasi kursu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da inkişaf edərək regionun aparıcı siyasi təşkilatına çevrilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi Nərgiz Heydərova çıxışında dövlətimizin elmin və təhsilin inkişafına göstərilən diqqət və qayğısından bəhs edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan təhsil sisteminin həm tarixi inkişafını, həm də müasir modernləşmə prosesini müəyyən edən əsas amil olub. Onun siyasi irsində təhsil hər zaman milli inkişafın əsas şərti kimi dəyərləndirilmişdir. Qeyd edib ki, ölkəmizdə təhsilin inkişafına diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Bu siyasət nəticəsində təhsil sistemi daha keyfiyyətli, rəqabətqabiliyyətli və gələcək tələblərə uyğun şəkildə inkişaf etməkdədir.
Sonda Heydər Əliyev Fondu tərəfindən ərsəyə gətirilmiş Ulu Öndərimizin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunmuşdur.



















