
Aprelin 9-da Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının “Xan Sarayı” ərazi partiya təşkilatında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, təşkilatın əməkdaşı Vüqar Qafurov, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov, memar Sehran Məmmədov, DTA-nin Qoruqların İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulova, ərazi partiya təşkilat sədri Reyhan Məmmədova və ərazi partiya təşkilatının üzvləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə şəhərsalma siyasətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bildirilib ki, Azərbaycanda şəhərsalma və memarlıq sahəsində əldə olunan nailiyyətlər birbaşa olaraq Heydər Əliyev tərəfindən qoyulan möhkəm təməllərə əsaslanır.
Çıxışlarda vurğulanmışdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan şəhərləri müasir infrastruktura malik, dayanıqlı və ekoloji baxımdan sağlam yaşayış məkanlarına çevrilir.
Natiqlər bildirmişlər ki, Şəki şəhəri tarixən zəngin memarlıq ənənələrinə malik olmaqla ölkəmizin mədəni irsinin incilərindən biridir. Burada yerləşən qədim abidələr, xüsusilə “Xan Sarayı” kompleksi Azərbaycanın memarlıq sənətinin nadir nümunələrindəndir. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şəkidə həyata keçiriləcək layihələr şəhərin tarixi simasının qorunması ilə yanaşı, müasir inkişafını da təmin edəcəkdir.
Çıxış edən natiqlər bu il ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının Azərbaycanın şəhərsalma təcrübəsinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmış, ölkəmizin müasir və davamlı inkişaf modelini nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına da zəmin yaradacağını vurğulanmışlar.
Çıxışlarda həmçinin qeyd olunmuşdur ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında əldə olunacaq təcrübə və bilik mübadiləsi gələcəkdə Azərbaycanın şəhərsalma siyasətinin daha da təkmilləşdirilməsinə, innovativ yanaşmaların tətbiqinə və şəhərlərin daha komfortlu və dayanıqlı mühitə çevrilməsinə mühüm töhfə verəcəkdir.
Tədbirin sonunda “Şəhərsalma və Memarlıq İli”ndən bəhs edən videoçarx nümayiş olunmuşdur.
















