SosialElm və TəhsilGündəm

Şəkidə keçirilən inşa müsabiqəsi məktəblilərin vətənpərvərlik ruhunu önə çıxardı

Aprelin 30-da Şəki şəhər, N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsi, Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və ATİAHİ-nin Şəki rayon komitəsinin birgə təşkil etdiyi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə məktəblilər arasında keçirilmiş “Heydər Əliyev məktəblilərin gözü ilə” adlı inşa yazı müsabiqəsinin Şəki rayonu üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Aktualinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Zaqatala rayon bölməsinin sədri Əlmaniz Ələkbərli, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, təşkilatın əməkdaşı Vüqar Qafurov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Rauf Əsədov, idarənin məsləhətçisi (YAP Şəki rayon təşkilatının Ərazi Partiya təşkilatı sədri) Elxan Abdullayev, məktəb direktorları, şagirdlər və valideynlər iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli lider Heydər Əliyevin, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Əlmaniz Ələkbərli İnşa yazı müsabiqəsinin keçirilməsinin məqsədi barədə məlumat verərək bildirib ki, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsi bu müsabiqənin əsas məqsədidir. O müsabiqə qaliblərini təbrik edib, müsabiqənin keçirilməsində və qaliblərin təltif edilməsində verilən dəstəyə görə təşəkkürünü bildirib.

Rauf Əsədov müsabiqə qaliblərini təbrik edib, çıxışında Ümummilli liderin təhsilimizə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb və bu qayğının Cənab Prezidentimiz tərəfindən davam etdirilməsindən və uşaqların keyfiyyətli təhsil almaları üçün dövlətimizin yaratdığı əlverişli şəraitdən, aparılan islahatlardan bəhs edib.

YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev çıxışında Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikası üçün misilsiz xidmətlərindən, Yeni Azərbaycan Partiyasının yaranması və keçdiyi şərəfli inkişaf yolundan, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından bəhs edib. Bildirib ki, bu gün əldə olunan nailiyyətlərimizin təməlində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri dayanır. Sədr müavini sonda inşa müsabiqəsi qaliblərini təbrik edib və müsabiqənin təşkilatçısı olan AYB Zaqatala rayon bölməsinə təşəkkürünü bildirib.

Sonda İnşa yazı müsabiqəsinin qaliblərinə AYB Şimal-Qərb Bölməsinin və YAP Şəki rayon təşkilatının hədiyyələri təqdim olunub, şagirdlərin ifasında mahnı oxunub və rəqs edilib.

Oxşar Xəbərlər

Back to top button