GündəmSosial

Şəkidə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

31 mart 2026-cı il tarixində Şəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümünə həsr olunmuş “31 Mart soyqırımı: XX əsrin ən qanlı hadisələrindən biri” adlı anım tədbiri keçirilmişdir.

Tədbirdə YAP Şəki rayon təşkilatının, Şəki şəhər İcra Hakimiyyətinin, Şəki Heydər Əliyev Mərkəzinin rəhbərliyi və əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilat sədrləri və müavinləri iştirak etmiş, tariximizin bu faciəli səhifəsinə bir daha nəzər salmaqla soyqırımı qurbanlarının xatirəsini ehtiramla anmışlar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu Öndər Heydər Əliyevin, soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin tarix və epiqrafika şöbəsinin müdiri Rahim Həsənov çıxış edərək 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulamış, bu faciənin tariximizin qanlı səhifəsi kimi heç vaxt unudulmayacağını bildirmişlər.

Qeyd olunmuşdur ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Bu qərar xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə həmçinin vurğulanmışdır ki, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, gənc nəslin milli yaddaş ruhunda tərbiyə olunması istiqamətində mühüm işlər görülür.

Bu gün biz 31 Mart Soyqırımı hadisələrini tamamilə fərqli bir ruhda – Qalib Xalqın nümayəndələri kimi yad edirik. Son dövrdə Azərbaycanın əldə etdiyi tarixi Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, əslində 108 il əvvəl yarımçıq qalmış ədalətin bərpa olunmasıdır. 1918-ci ilin qurbanlarının ruhu artıq bu gün, üçrəngli bayrağımızın suveren ölkəmizin hər bir qarışında dalğalanması ilə əsl rahatlıq tapmışdır.

Qeyd edək ki, bu kimi tədbirlərin keçirilməsi milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Oxşar Xəbərlər

Back to top button