
28 May – Müstəqillik Günü münasibətilə Şəki Şəhər İcra Hakimiyyəti və YAP Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil olunub.
Aktualinfo.az xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyətinin binasında təşkil edilmiş dəyirmi masada Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri girüş söz ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan danışıb.
Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə məruzə ilə çıxış edib.
Sonra Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki rayon Ağsaqqallar Şurasının sədri Vaqif Əhmədov çıxış ediblər.
Çıxış edən natiqlər Azərbaycanın 1991-ci ildə yenidən qazandığı müstəqilliyin qorunub saxlanmasında, ölkəmizin daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışıblar.
Qeyd olunub ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ərazi bütövlüyü və suverenliyini tam bərpa edilmiş müasir Azərbaycan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Azərbaycan Bayrağı bu gün ölkəmizin bütün ərazisində dalğalanır.