SosialGündəmMaraqlı

Şəkidə “20 sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə universitetin akt zalında 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 sentyabr-Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo.az xəbər verir ki, tədbirdə YAP Şəki rayon təşkilatının rəhbərliyi və əməkdaşları, filial rəhbərliyi, əməkdaşlar, müəllim və tələbələr, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəki Dövlət Pedaqoji Universitetinin direktor müavini, dosent Nurəli Çələbiyev bildirib ki, 2024-cü il 28 dekabr tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Konstitusiya və Suverenlik İli” elan edilib və bu qərar hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etmək məqsədi daşıyır. Vurğulanıb ki, ərazi bütövlüyümüz və siyasi müstəqilliyimiz uğrunda şəhid olan qəhrəmanlarımızın qanı bahasına qazandığımız bu suverenlik, bu gün hər bir azərbaycanlının ən böyük sərvətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə bir daha göstərdi ki, suverenliyimiz əbədidir və heç kim onu bizdən ala bilməz.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxış edərək suverenlik anlayışının mahiyyəti, suverenliyimizin tam bərpa olunması və onun qorunmasının dövlətin müstəqilliyi üçün nə qədər vacib olduğunu, bu sahədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tarixi xidmətlərindən söhbət açıb. Suverenliyin – xalqın öz taleyinə sahib çıxması, dövlətin daxili və xarici siyasətini müstəqil şəkildə müəyyən etməsi və həyata keçirməsi olduğunu qeyd edib. Bildirib ki, 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü, 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa olunub, bu gün də Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirir. Bu gün azad, müstəqil və suveren bir dövlətin vətəndaşı olmaq, üçrəngli bayrağımızın altında birləşmək hər birimiz üçün həm şərəf, həm də məsuliyyət olduğunu, bu müqəddəs dəyərləri — müstəqilliyimizi, suverenliyimizi, dövlətçiliyimizi daim uca tutmağı, gələcək nəsillərə əmanət kimi qoruyub saxlamalı olduğumuzu diqqətə çatdırıb.

Filialın kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov çıxışında Azərbaycan Respublikasının suverenliyi, onun milli təhlükəsizliyi, ərazi bütövlüyü və gələcək inkişafının təməl sütunlarından biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını əsas tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə və prinsipial şəkildə davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəliləyir.

Çıxış edən filialın III kurs tələbəsi Yavər Əhmədli diqqətə çatdırıb ki, Azərbaycanın dövlət suverenliyi gənclərin hərtərəfli inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu suverenlik sayəsində gənclər azad düşüncəyə malik olur, milli kimliklərini qoruyur, beynəlxalq arenada ölkəsini təmsil edir və gələcəyin liderləri kimi yetişirlər. Suverenlik təkcə siyasi prinsip deyil, həm də gənclərin həyat keyfiyyətini və perspektivlərini müəyyən edən əsas faktordur.

Sonra Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub.

Yekunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Oxşar Xəbərlər

Back to top button