Analitika

Seçkidə iştirak etməmək istənilən siyasi partiya üçün gücsüzlük göstəricisidir

Məlum olduğu kimi Azərbaycanda keçiriləcək 7 fevral seçkiləri ölkəmizin gələcəyi üçün olduqca vacib əhəmiyyətə malikdir. Bu baxımdan ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr bu seçkidə iştirak etməli, yaradılmış demokratik şəraiti düzgün qiymətləndirməlidir. Azərbaycanda bir sıra müxalif partiyalar  artıq öz namizədlərini açıqlasa da, bir neçə marginal qrup öz düşüncəsində guya seçkini boykod edir. Bu isə onların gücsüzlüyünün göstəricisidir.

Çünki siyasi partiyaların birinci funksiyası seçkilərdə iştirak etməkdir. Xüsusən, müxalif partiya iqtidara gəlmək, yaxud qanunverici orqanda təmsil olunmaq üçün bütün seçkilərdə aktiv iştirak etməlidir. Siyasi fəaliyyətin ana qayəsi, təməl bazası budur. Digər bir tərəfdən isə “Siyasi Partiyalar Haqqında” yeni Qanun istənilən səviyyəli seçkilərdə iştirakı partiyaların qarşısında bir vəzifə kimi qoyur. Bu baxımdan seçkiləri baykot qərarı ilə çıxış etmək həm də üzrəinə düşən vəzifələri icra etməmək anlamına gəlir.

Boykot çagırışları radikal müxalifətin dəyişmədiyini, siyasi reallıqları qəbul edə bilmədiklərini və ən əsası ictimai rəyi nəzərə almadıqlarını göstərir. Hər kəs ictimai-siyasi mühitin sürətlə dəyişdiyi halda radikal müxalifətin özünün seçki və siyasi mübarizə taktikasında heç bir keyfiyyət dəyişikliyi edə bilmədiyini görür. Bu tip qərarların qəbulu radikalların seçki taktikasında qələbə təminatlı dəyişikliklər etmək gücündə olmadığını aydın şəkildə göstərir. Bu baxımdan baykot qərarı sadəcə öz zəifliklərini, sosial bazanın olmadığını, İlham Əliyevlə mübarizə aparmaq gücündə olmadıqlarının ört-basdır etmək üçün verilmiş qərar kimi qəbul olunmalıdır.

Bu qərarın arxasında dayanan digər bir səbəb də ayrı-ayrı xarici dairələrin maraqlarına xidmət etmək, qrant layihələrdən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq cəhdi ilə bağlıdır. Amma hər kəs əmin olsun ki, xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərəcək. Bu gün Azərbaycan bir çox göstəriciləri ilə yanaşı, həm də məhz xalq-iqtidar birliyi ilə dünyaya nümunədir. Bu birlik də əbəs yerə deyil. İnsanlar İlham Əliyevin hakimiyyətdə olduğu 20 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Odur ki, kimlərin hansı təxribatlar, çirkli planlar hazırlamasından asılı olmayaraq ölkəmizdə bu planların həyata keçmə ehtimalı yoxdur.

Bafadarov İslam,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button