Analitika

Sarsılmaz və əbədi birliyimizlə bütün çətinliklərin öhdəsindən gələ bilərik

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Türkiyə hakimiyyəti zəlzənin baş verdiyi ilk dəqiqələrdən etibarən bütün güclərini səfərbər etməyə başladılar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hadisəni öz nəzarətinə götürdü, bundan əlavə dövlət idarələrinin bir sıra rəhbərlərindən ibarət operativ qərargah yaradıldı. Türkiyə prezidenti R.T. Ərdoğan başda olmaqla dövlət strukturlarının rəhbərləri və əməkdaşları bütün güclərini səfərbər edərək, fəlakətin tez bir zamanda aradan qalxmasına çalışırlar. Türkiyə zəlzələdən zərər görmüş bölgələlərə yardım məqsədilə dövlət büdcəsindan milyardlarla lirə ayırdı. Bu isə Türkiyə dövlətinin hər an öz xalqının yanında olduğunu və var gücləri ilə təbii fəlakətin tez bir zamanda aradan qaldırılmasına çalışdıqlarının nümunəsidir. Türkiyədə bundan öncə də bu cür hadisələrin baş verməsinə baxmayaraq, qardaş ölkə tez bir zamanda bunun öhdəsindən gəlməyi bacarmışdır. İnanırırıq ki, Türkiyə bu sınaqdan da üzü ağ və alnıaçıq çıxacaq. Azərbaycan da hər an qardaş Türkiyə dövlətinin və xalqının yanındadır. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: “Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.Dünyada az ölkə olar ki, Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın, yaxşı və pis gündə bir yerdə olsunlar. Eyni etnik kökə, tarixə, dilə və dinə malik iki qardaş ölkənin səmimi münasibətlərinə artıq bütün dünya şahiddir. Azərbaycanın Türkiyənin ağır günündə ilk yardıma gəlməsi də iki ölkə arasında münasibətlərin necə dərin olmasından xəbər verir və iki dövlət arasında əlaqələrin ən yüksək səviyyədə olmasının əyani nümayişi kimi dəyərləndirilir.Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün çətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik və gələcəyik. Azərbaycan-Türkiyə birliyinin verdiyi güc və əzmlə tezliklə qardaş Türkiyədəki təbii fəlakətin nəticələrini də aradan qaldıracağıq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button