Şanlı Zəfərin üçüncü ildönümündə Xankəndidə hərbi parad keçirilmişdir
Azərbaycan xalqı uzun illər 90-ci illərdə Ermənistan tərəfindən işğal olunan torpaqlarının işğaldan azad olunacağı günü gözləyib. Nəhayət ki, 30 ilə yaxın müddət sonra bu arzu reallaşdı. Azərbaycan Silahlı qüvvələrinin göstərdiyi şücaət və Ali Baş Komandanın müdrik siyasəti nəticəsində əzəli torpaqlarımız erməni işğalından azad edilmişdir. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra Ermənistan dövləti böyük bir zərbə aldı. 8 noyabr tarixində Azərbaycan ordusu Şuşa şəhərinə daxil oldu və Ermənistan ağ bayraq qaldıraraq təslim oldu. Bununla yanaşı, Azərbaycan Respublikasının müharibənin bitişindən sonrakı üç il ərzində həyata keçirdiyi tədbirlər nəticəsində bu gün bütün Qarabağ torpaqlarında Azərbaycanın dövlət bayrağı dalğalanır. Həmçinin tarixi Azərbaycan torpaqları olan Xankəndi, Xocalı, Əsgəran rayonlarında üçrəngli bayrağımız Prezident İlham Əliyev tərəfindən ucaldılmışdır.
8 noyabr 2023-cü il tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad həyata keçirilmişdir. Paradda Azərbaycan Respublikasının Prezidenti və onun ailə üzvləri də iştirak etmişdir. Parad zamanı Ali Baş Komandan çıxış etmiş və çıxışı zamanı bu şanlı günlərin dəyərindən və önəmindən bəhs etmişdir.
Nəticə etibarilə, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə istədiyinə nail oldu, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdi, milli ləyaqətini qorudu, düşmənə onun yerini göstərdi. Bu şanlı qələbə, bu qürurlu günlər ölkəmizin regionda və dünyada nüfuzunu daha da gücləndirdi.
Zərxanım Abbasova,
YAP-ın fəalı