
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
90-cı illərdə Azərbaycan Respublikasının torpaqlarının Ermənistan tərəfindən işğal olunması tariximizə əbədi olaraq həkk olunmuşdur. İşğaldan sonra sözügedən şəhər və rayonlarımızda azərbaycanlılara qarşı erməni işğalçıları tərəfindən etnik təmizləmə prosesi həyata keçirilir, yerli əhali öz doğma yurdlarından didərgin salınmışdır. Lakin uzun illər davam edən bu ayrılıq, nəhayət ki, 2020-ci ildə baş verən Vətən müharibəsində sona çatmışdır. Sadəcə 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri işğal olunan torpaqlarımızı işğaldan azad etmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi və xalqın iradəsi əsasında qazanılan şanlı qələbə ölkəmizin tarixində əbədi yaşayacaqdir.
1993-cü il 2 aprel tarixində işğal olunan Kəlbəcər rayonu da 2020-ci il 10 noyabr bəyanatına əsasən 25 noyabr tarixində bir güllə belə atılmadan geri qaytarılmışdır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən işğaldan azad olunan şəhərlərin şəhər günləri təsis edilmişdir. Buna əsasən, hər il həmin günlər ölkə ərazisində böyük təntənə ilə qeyd olunacaq. Bu gün, 25 noyabr tarixi “ Kəlbəcər şəhəri günü” ölkəmizdə böyük sevinc və qürur hissi ilə qeyd edilir. İşğaldan azad olunan şəhərlərdə, həmçinin, Kəlbəcər rayonunda həyata keçirilən bərpa və yenidənqurma işlərinin nəticəsi olaraq, yüzlərlə ailənin yenidən Kəlbəcərə köçürülməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının qazandığı müqəddəs qələbə, həyata keçirilən tədbirlər, işğaldan azad olunan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalanması və bu gün Azərbaycan Respublikasının adının dünyanın gündəmində olması Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik daxili və xarici siyasət strategiyasının nəticəsidir. Bir gənc olaraq fəxr edirəm ki, belə bir rəhbər Liderin başçılıq etdiyi ölkədə yaşayıram.
Əminə Baloğlanova
Xəzər rayonu, 26 nömrəli məktəbin əməkdaşı



