
Hər bir dövlətin mövcudluğunu və sabitliyini təmin edən əsas sənəd onun Konstitusiyasıdır. Konstitusiya xalqın iradəsini ifadə edən, hüquq və azadlıqların qorunmasına xidmət edən ali qanundur. Konstitusiya bir dövlətin hüquqi pasportu, hüquqi sistemin təməlidir. O, vətəndaşların hüquq və azadlıqlarını təmin edir, dövlət orqanlarının fəaliyyətini tənzimləyir. Ədalətli cəmiyyətin, hüquqi dövlətin qurulması məhz güclü və ədalətli Konstitusiyadan keçir. Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin əsas qanunu kimi dövlətin hüquqi, siyasi və iqtisadi əsaslarını müəyyənləşdirir. O, Azərbaycanın müstəqilliyini, demokratik və hüquqi dövlət kimi inkişafını təmin edən başlıca sənəddir. Konstitusiya xalqın iradəsini, onun dövlət idarəçiliyində iştirakını və əsas insan hüquqlarını əks etdirir.
Hazırda qüvvədə olan Konstitusiya 1995-ci il noyabrın 12-də ümumxalq referendumu yolu ilə qəbul edilmişdir. Bu gün — 12 noyabr tarixi, “Konstitusiya Günü” kimi Azərbaycan Respublikasının rəsmi təqvimində yer alır və əlamətdar günlərdən biri kimi qeyd olunur. Azərbaycan Respublikasının Konstitusiyası da xalqımızın suverenliyini, hüquqi dövlət quruculuğunu və vətəndaş cəmiyyətinin əsaslarını əks etdirir. Bu sənəd vətəndaşların azadlığına, bərabərliyinə və rifahına təminat verir.
Konstitusiya 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Burada dövlətin idarə forması, hakimiyyətin bölünməsi prinsipi (qanunverici, icraedici və məhkəmə), vətəndaş hüquq və azadlıqları, dövlət rəmzləri, iqtisadi və sosial əsaslar kimi mühüm məsələlər təsbit olunub. Azərbaycan dövləti hüquqi, dünyəvi və unitar dövlət kimi tanınır və dövlət dili Azərbaycan dilidir.
Konstitusiyanın mühüm prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasıdır. Hər bir vətəndaş qanun qarşısında bərabərdir. Təhsil, səhiyyə, fikir və söz azadlığı, sərbəst toplaşma hüququ, mülkiyyət hüququ kimi fundamental hüquqlar Konstitusiyada təsbit edilmişdir.
Konstitusiya xalqın azadlıq və ədalət arzusunun hüquqi ifadəsidir. Dövlətin sabitliyi və inkişafı onun Konstitusiyasına hörmətdən keçir.Azərbaycan Respublikasının Konstitusiyası cəmiyyətin sabitliyinin, vətəndaşların hüquqi müdafiəsinin və dövlətin hüquqi çərçivədə fəaliyyətinin təminatçısıdır. O, yalnız hüquqi sənəd deyil, həm də milli dəyərləri əks etdirən, müstəqilliyimizi qoruyan, gələcək nəsillərə vətəndaşlıq borcunu xatırladan təməl daşıdır. Son olaraq onu bildirmək istəyirəm ki, Konstitusiya qanunların anasıdır – digər bütün qanunlar ona uyğun şəkildə hazırlanmalıdır. Məhz bu sənəd vasitəsilə vətəndaşla dövlət arasında qarşılıqlı hüquq və vəzifələr müəyyən olunur. Hər bir vətəndaş öz Konstitusiyasını tanımalı, onu bilməli və hörmət etməlidir.
Əliyeva Mədinə
Xəzər rayonu, F.Gözəlov adına 124 №li tam orta məktəbin müəllimi



