AnalitikaGündəm

Rusiya Azərbaycan müttəfiqliyi

Prezident İlham Əliyev Moskvada Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Surasının iclasındakı çıxışında Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakter daşıdığını bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəkdir. O, bildirmişdir ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanmışdır.

Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdır. Ermənilər bu ərazimizdə olmazın barbarlıqlar edib, şəhəri talayıb, dağıdıblar. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda “Sotheby’s” auksionunda 80 min ABŞ dollarına satılıb. İndi Laçının MDB-nin mədəniyyət paytaxtı olması həm də bütün bu həqiqətlərin bir daha dünyaya çatdırılması deməkdir. Bu baxımdan bu hadisə bizim daha bir siyasi uğurumuzdur.

Prezident həmçinin çıxışında vurğuladı ki, biz bir aydan sonra Bakıda ən böyük beynəlxalq tədbirə – COP29 İqlim konfransına ev sahibliyi edəcəyik. Biz 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk. COP29-a ev sahibliyi edən Azərbaycanda artıq silsilə tədbirlər başlayıb. Bu, yenə də bəzi dövlətləri qıcıqlandırıb. Xüsusilə də Qərbdən maliyyələşən təşkilatların son zamanlar Azərbaycana qarşı qarayaxma kampaniyası müşahidə olunur. Ancaq bütün bunlar heç bir nəticə verməyəcək və Azərbaycan daha əvvəllər olduğu kimi indi də bu böyük tədbirə yüksək səviyyədə ev sahibliyi edəcək.

Azərbaycan Prezidentinin xalqımızın İkinci Dünya müharibəsi qələbəsində mühim rolunu qeyd etməsi də önəmli bir nüans idi. Prezident Azərbaycanın SSRİ-dəki önəmli yerindən bəhs edərək aşağıdakıları söylədi: Azərbaycan İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhvə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir.

Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. Yaralılara xidmtə etmək üçün Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, burada 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. Azərbaycan MDB-yə üzv dövlətlərlə əməkdaşlığa böyük əhəmiyyət verir və bu ölkələr arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi əlaqələrin uğurla inkişaf etdiyini göstərir. Və bu əməkdaşlıq bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəkdir.

Gülər Əliyeva,
Xəzər rayonu, 206 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button