Analitika

Rumıniya-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq əsasında inkişaf etdirilir

Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərin ortalarında qoyulmuşdur. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Təsadüfi deyil ki, Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanımışdır. Belə ki, rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmuşdur. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulmuşdur.

2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər.Rumıniya 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsini tanıyan ilk Avropa dövlətlərindən biridir. Həmin illərdən başlayaraq Azərbaycan–Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib.

Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək vermişdir. O cümlədən, Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır.

Rumıniya və Azərbaycan etibarlı tərəfdaş, səmimi dostluq əlaqələrini inkişaf etdirən ölkələrdir. İki dövlət arasında əlaqələrin yaradılması Ulu Öndər Heydər Əliyevin səyləri ilə baş tutub. Ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verib. Qarşılıqlı səfərlər, imzalanan sənədlər, qurulan münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Artıq qarşılıqlı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdırılmasına şərait və imkanlar yaranmışdır.

Əliyeva Tünzalə,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button