AnalitikaGündəmSiyasət

Rəşadət Xalıqov: Zəngilan həm tarixi, həm strateji, həm də iqtisadi baxımdan Azərbaycanın inkişaf perspektivində diqqət mərkəzindədir

Zəngilan rayonu Azərbaycan Respublikasının müasir tarixində mühüm əhəmiyyət kəsb edir. 2020-ci il Vətən müharibəsi zamanı Zəngilan rayonunun işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatlarının nəticəsi olaraq qeyd edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar Zəngilanın həm strateji, həm də tarixi əhəmiyyətini ön plana çıxarmışdır. Rayonun coğrafi mövqeyi onu strateji əhəmiyyətli əraziyə çevirir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən isə Ermənistanla həmsərhəd olması Zəngilanı nəqliyyat və ticarət dəhlizlərinin mərkəzinə çevirir. Zəngilanın azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş və 132 kilometr sərhəd təhlükəsizliklə təmin edilmişdir.

20 oktyabr 2020-ci il tarixində Prezident İlham Əliyev Zəngilan rayonunun azad edilməsini elan etmiş və rayonun bir sıra qəsəbə və kəndləri düşmən işğalından azad edilmişdir. Bu əməliyyatların nəticəsi olaraq 6974 hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Zəngilanın işğaldan azad edilməsindən sonra “Böyük Qayıdış” layihəsi çərçivəsində bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Ağalı kəndində 200 evdən ibarət pilot layihə icra edilmiş, kəndin davamlı genişləndirilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi nəzərdə tutulmuşdur. Yeni köçürülən sakinlər dövlət və özəl sektor sahələrində işlə təmin olunmuş, sosial xidmətlər – “ASAN”, “DOST”, məktəb, bağça, tibb məntəqəsi fəaliyyətə başlamışdır.

“Ağıllı kənd” layihəsi çərçivəsində Zəngilanın sosial-iqtisadi inkişafı beynəlxalq standartlara uyğun həyata keçirilir. Enerji təminatı, istilik sistemi, su və kanalizasiya infrastrukturu modern texnologiyalarla təmin edilmiş, GPON internet şəbəkəsi, video müşahidə sistemləri və digər innovativ həllər tətbiq edilmişdir. Həmçinin kənddə Arximed turbini tipli Su Elektrik Stansiyası, fotovoltaik günəş panelləri və kombinə edilmiş istilik sistemləri inşa olunmuşdur.

Rayonun yenidən qurulması istiqamətində geniş layihələr həyata keçirilir. “Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənmiş, şəhərin ilk sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Zəngilan beynəlxalq nəqliyyat qovşağı kimi inkişaf etdirilir; Beynəlxalq Hava Limanı, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu və avtomobil yolu layihələri strateji əhəmiyyətə malikdir. Tarixi və dini abidələrin bərpası işləri də sürətlə davam etdirilir. Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş, tarixi memarlıq abidələri konservasiya edilmişdir. Rayonun turizm potensialı artırılır, Ağalı kəndində “Ağalı” hoteli fəaliyyətə başlamışdır.

Kənd təsərrüfatı sahəsində pilot layihələr icra olunur. “Dost Aqropark” layihəsi çərçivəsində heyvandarlıq, əkinçilik, toxumçuluq və ət emalı müəssisələri yaradılır, 500 nəfər işlə təmin olunacaq. Layihənin tamamlanması nəticəsində 6 min hektar sahədə kənd təsərrüfatı kompleksləri fəaliyyət göstərəcək və Qarabağ məhsulları “Made in Qarabağ” brendi ilə bazara çıxarılacaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilana bir neçə səfər etmiş, burada aparılan bərpa və quruculuq işləri ilə tanış olmuşdur. Prezidentin rəhbərliyi altında həyata keçirilən layihələr rayonun iqtisadi, sosial və mədəni inkişafını təmin etməkdədir. 20 oktyabr Zəngilan şəhəri günü olaraq təsis edilmiş, rayonun müasir inkişaf dövrü rəsmi elan edilmişdir. Bu gün Zəngilan həm tarixi, həm strateji, həm də iqtisadi baxımdan Azərbaycanın inkişaf perspektivində diqqət mərkəzindədir.

Rəşadət Xalıqov,
YAP Nizami rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button