
12 noyabr 2025-ci ildə Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonlara yeni təyin olunan icra başçılarını qəbul etməsi ölkəmizin dövlət idarəçiliyində mühüm hadisələrdən biridir. Bu görüş, idarəetmə sistemində yenilənmənin və məmur məsuliyyətinin artırılmasının növbəti addımı kimi dəyərləndirilə bilər.
Mən düşünürəm ki, kadr islahatları yalnız struktur dəyişikliyi deyil, həm də demokratik bir dəyərin təzahürüdür. Demokratik və inkişaf etmiş bir ölkə olan Azərbaycanda hər yeni təyinat dövlətin gələcək inkişafına xidmət edir. Yeni kadrlar cəmiyyətin tərəqqisinə, şəffaf idarəetmənin möhkəmlənməsinə və vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyətlərdə bələdçi rolunu oynayacaqlar.
Bu baxımdan, Prezidentin Naxçıvanda keçirdiyi qəbul həm məmur davranışı, həm də dövlət qulluğunda məsuliyyət anlayışının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin qeyd etmək istərdim ki, gənclərə xüsusi diqqət və qayğı göstərilməsi dövlətin əsas siyasi istiqamətlərindən biridir. Bu siyasət, Ulu Öndər Heydər Əliyev tərəfindən əsasları qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bir xəttdir.
Mən hesab edirəm ki, gənclərə göstərilən qayğı, sevgi və düzgün yanaşma onlarda dövlətə sədaqət, xalqa xidmət hissi və məsuliyyət duyğusunun formalaşmasında mühüm rol oynayır. Bu yanaşma gənclərdə zəruri bilik, bacarıq və peşə vərdişlərinin inkişafına şərait yaradır, onları cəmiyyətin fəal, təşəbbüskar və vətənpərvər üzvlərinə çevirir.
Gənclərin dövlət idarəçiliyində, sosial və ictimai həyatda daha fəal iştirak etməsi Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir. Bu, həm də Ulu Öndərin gənclərə miras qoyduğu ən ali dəyərin — dövlətə sevgi və xalqa xidmət missiyasının bu gün də yaşadığını sübut edir.
Prezident cənab İlham Əliyev kadr təyinatı zamanı gənc rəhbərlərə xüsusi tapşırıqlar verərək, hər bir məmurun xalqa xidmət etməsinin vacibliyini vurğulayıb. O, təvazökarlığın insan tərbiyəsinin və alicənablığının göstəricisi olduğunu, məmur davranışının dövlətin nüfuzuna birbaşa təsir etdiyini qeyd edib.
Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur sadə, təvazökar və məsuliyyətli olmalıdır. Onun həm xidmətdə, həm də şəxsi həyatında davranışı, ailə və yaxın çevrəsinin ictimai münasibətləri nümunəvi olmalıdır ki, dövlətin adına, ümumi işə kölgə düşməsin. Təəssüf ki, bəzi hallarda məmurlar arasında təkəbbür, lovğalıq və vətəndaşlardan uzaqlaşma hallarına rast gəlinir. Belə davranışlar nəinki həmin şəxsin nüfuzunu zədələyir, həm də dövlətin siyasətinə və ictimai etimada mənfi təsir göstərir.
Prezidentin də vurğuladığı kimi, bəzi hallarda korrupsiya və rüşvətxorluğa meyl edən şəxslər olur. Lakin bu gün Azərbaycan cəmiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir məmur qanun qarşısında cavab verir. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmır və bu, ölkəmizdə qanunun aliliyinə və ədalətin təmininə olan sarsılmaz inamı daha da möhkəmləndirir.
Bu baxımdan, hər bir rəhbər vəzifə sahibi çalışdığı bölgədə öz fəaliyyəti ilə dövlət başçısının etimadını doğrultmalı, xalqa səmimi xidmət etməli, işində şəffaflıq və dürüstlüyü əsas tutmalıdır. Məmur xalqın içində olmalı, onun dərdini bölüşməli, problemə biganə qalmamalıdır.
Mənim fikrimcə, Prezident İlham Əliyevin bu fikirləri sadəcə inzibati tapşırıq deyil, həm də məmur etikasının, dövlətə və xalqa sədaqətin fəlsəfəsini özündə daşıyır. Çünki təvazökarlıq, dürüstlük və xidmət ruhu bir rəhbəri sadəcə idarəçi deyil, xalqın etimadını qazanmış əsl dövlət adamına çevirir.
Cənab Prezident bir sıra vacib məqamlara toxunaraq yeni təyinat almış kadrlarla görüşdə onlara öz tapşırıqlarını vermişdir. O, ilk növbədə sosial ədalət prinsipini əsas prioritet kimi vurğulamış, hər bir bölgədə və kənddə insanların ədalətin təmin olunduğunu görməli və bilməli olduqlarını qeyd etmişdir. Vaxtilə bəzi bölgələrdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi mərkəzi icra orqanlarındakı neqativ hallarla bağlı olsa da, artıq bu halların arxada qaldığı bildirilib.
Cənab Prezident məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatlarının nəticələrini vurğulamış, bunun sayəsində yerlərdə qanunsuz tapşırıqların verilməsinin qarşısının alındığını qeyd etmişdir. O, yeni təyinat almış kadrların fəaliyyətində obyektivlik və şəffaflıq prinsiplərinə sadiq qalmasının vacibliyini xüsusi olaraq qeyd etmiş, qanunsuz əməllərlə rastlaşanların dərhal məlumat vermələrinin və müvafiq tədbirlərin görülməsinin zəruriliyini bildirmişdir.
Görüşdə həmçinin bölgələrdə məşğulluq və iqtisadi inkişaf məsələlərinə diqqət çəkilmişdir. Prezident, dövlətin yerli iş yerlərinin yaradılması, sahibkarlığa dəstək və özünüməşğulluq proqramları ilə məşğulluğu artırmaq istiqamətində ciddi addımlar atdığını qeyd etmişdir. Yeni kadrlar qarşısında əsas vəzifə olaraq iş yerlərinin yaradılması, yerli istehsalın və kənd təsərrüfatının, həmçinin turizmin inkişafına dəstək göstərilməsi qoyulmuşdur.
Yeni təyinat almış kadrlar xalqın xidmətindədir və göstərilən etimadı daim doğrultmaq onların əsas vəzifəsidir. Bu, yalnız vəzifələrin məsuliyyətli icrası ilə deyil, həm də fəaliyyətin sosial ədalət, şəffaflıq, dürüstlük və peşəkarlıq prinsiplərinə sadiq qalmaqla mümkündür. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, hər bir rəhbər və məmur öz nüfuzunu qorumaqla yanaşı, dövlətin nüfuzunu da yüksəltməli, qanunsuzluğa və rüşvətxorluğa qarşı ciddi mübarizə aparmalıdır.
Bölgələrin inkişafı, məşğulluğun artırılması, yerli istehsalın və turizmin dəstəklənməsi, infrastrukturun modernləşdirilməsi və ekoloji tarazlığın qorunması kimi prioritetlər yeni rəhbərlər üçün əsas hədəflərdir. Onların fəaliyyəti nəticəsində vətəndaşlar öz bölgələrində inkişafı görməli, ədalətin və qanunun üstünlüyünü hiss etməlidirlər.
Beləliklə, həm gənclər, həm də rəhbər vəzifədə çalışan bütün kadrlar xalqın rifahı, bölgələrin tərəqqisi və dövlətin nüfuzunun qorunması yolunda fəaliyyət göstərir, göstərilən etimadı daim doğruldurlar. Bu prinsiplər onların hərəkətinə rəhbərlik edən əsas meyarlardır və Azərbaycan dövlətinin davamlı inkişafının təminatçısıdır.
Cavid Cəfərzadə
Xəzər rayonu,206 nömrəli tam orta məktəbin direktoru



