Analitika

Regionların sosial-iqtisadi inkişafı daim diqqət mərkəzindədir

Bildiyimiz kimi, aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Salyan və Neftçala rayonlarına səfərindən aldığı təəssüratlar barəsində danışıb: “Təəssüratlarım çox müsbətdir. Dediyiniz kimi, mən Azərbaycanın bölgələrinə tez-tez səfərlər edirəm. Məlumdur ki, 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çox böyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davam etdirilir. Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər – ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda da, ölkəmizi gücləndirir. Bugünkü səfər də ənənəvi bir səfərdir. Mən əvvəlki dövrlərdə Salyan və Neftçala rayonlarında bir neçə dəfə olmuşam və bu səfər çərçivəsində iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Həm gözəl “ASAN xidmət” mərkəzi, bu, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”. 

Prezidentin gəlişi münasibətilə Salyanda Çuxanlı-Gəncəli-Piratman-Parça-Xələc-Seyidan avtomobil yolu istismara verilib. Daha sonra Cənab Prezident qeyd edib ki,işğaldan azad olunan ərazilərdə-Qarabağda və Şərqi Zəgəzurda da geniş miqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilir. Həmin ərazilərdə böyük dirçəliş dövrü başlayıb. Bütün işlər plan üzrə gedir. Hazırda Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır. Bu kəndlərin timsalında Qarabağın və Şərqi Zəngəzurun siması görünür.Bu layihə artıq bütün dünyaya və Azərbaycan əhalisinə göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Ermənistanla bağlı sülh danışıqları ilə bağlı sualları cavablandıraraq hörmətli Prezidentimiz demişdir. ”Sülhlə bağlı Azərbaycanın təşəbbüsləri əsas amildir. Artıq Ermənistan rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır! Çünki başqa yolu yoxdur. 

İlham Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın dövlət bayrağının yandırılmasına da münasibət bildirib. Bunu Ermənistanın növbəti çirkin əməli adlandırıb. Ermənistan dövləti bu çirkin əməlin müəllifidir. Onlar unutmamalıdırlar ki, Azərbaycan bayrağı bütün Qarabağda yenidən dalğalanır. Həmin çempionatda iştirak edən Türkiyənin qadın idmançıları qızıl və gümüş medal qazandılar və Azərbaycana həsr etdilər.

Hörmətli prezidentimiz və Mehriban xanım Cansu və Qəmzəni qələbə münasibəti ilə təbrik etdilər. Ona görə ki, onlar Ermənistanda-düşmən dövlətdə, həm Azərbaycana həm də Türkiyəyə əzəli düşmən olan dövlətdə bu böyük qələbəni qazandılar. Türk bayrağını yüksəklərə qaldırdılar. Onlar bu qələbəni Azərbaycana həsr etdilər. Türkiyə-Azərbaycan birliyi-qardaşlığı sarsılmazdır! 

Əhmədova Şükufə
Xəzər rayonu, 125 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button