Regionda sülhün təminatında Azərbaycan-Gürcüstan əlaqələrinin daşıdığı əhəmiyyətin qarşılıqlı əməkdaşlığa əsaslanması vacibdir
Regionda sülh və əməkdaşlığın davamlı inkişafı üçün qonşu dövlətlərlə qurulan qarşılıqlı əlaqələr əhəmiyyətli rol oynayır. Azərbaycan-Gürcüstan dövlətləri arasındakı əməkdaşlıq əlaqələri də uzun illərdir ki, bu istiqamətdə davam edir. Əsas hədəfimizin əməkdaşlığın davamlı inkişafını təmin etməkdir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələri güclənir və möhkəmlənir. Ənənəvi görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Cənubi Qafqazın inkişafının əsas şərti tərəfdaşlıq ətrafında qurulan əlaqələrin təmin edilməsidir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də münasibətlərimiz qarşlıqlı qonşuluq əlaqələrinə əsaslanır. Bu, həm ölkələrimiz üçün, həm bütün bölgə üçün çox vacibdir. İki dövlət arasındakı müasir əlaqələri Heydər Əliyev və Eduard Şevardnadze münasibətlərinin əsası ilə inkişaf etmişdir. Xüsusilə qeyd etməliyik ki, biz ulu öndər Heydər Əliyev dəyərlərinə xüsusi ehtiram müşahidə edirik. İl boyu Azərbaycanda və bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi təşkil edilir. Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadzenin dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-biri ilə sıx təmasda idilər. O vaxta nəzər saldıqda görürük ki, sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.
Təəssüf hissi ilə qeyd etməliyik ki, Cənubi Qafqazda sülh hələ tam bərqərar olunmayıb. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bölgədə iqtisadi və siyasi sabitliyin təminatıdır. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir. Bugün bütün regionun inkişafı üçün yaranmış şansı əldən vermək böyük səhv olar. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər. Bir çox sahələr üzrə nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə əməkdaşlığı çox uğurlu ola bilər. Bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq doğru yolda addımlamaqdır. Bu sahədə ən uyğun tərəfdaş Gürcüstan ola bilərdi.
Həm enerji, həm nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Azərbaycan böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilər. Anakliya limanı və Kulevi limanı əməkdaşlığımızı daha da gücləndirəcək. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək. Energetika sahəsində ənənəvi sahələrdən başqa bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır. Bizdə güclü siyasi iradə və artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Dövlətin daxili münasibətlərinin doğru tənzimlənməsi xarici məsələlərdə uğurlu addımlar atmaq üçün əsas şərtdir. Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin. Həm iqtisadi güc artsın, həm də infrastruktur layihələri icra olunaraq insanların rifah halı ildən-ilə yaxşılaşsın. İki dövlət arasındakı iqtisadi əlaqələr yüksələn xətt üzrə inkişaf etməkdədir. İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Komissiyanın mütəmadi olaraq iclasları keçirilir. Son iclası ötən il dekabrın 15-də Tbilisidə baş tutub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda 815 Gürcüstan investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 533-nün fəaliyyəti aktivdir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Humanitar əməkdaşlıq qarşılıqlı əlaqələrin vacib istiqamətlərindən biri hesab edilir. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur.
Ağabəyova Mənzər,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi