AnalitikaGündəmSiyasət

Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub

12 mart 2026-cı il tarixində Bakı şəhərində keçirilən XIII Qlobal Bakı Forumu beynəlxalq siyasət, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət mərkəzində olmuşdur. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr edilən bu mötəbər tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev qlobal və regional təhlükəsizlik məsələlərinə toxunaraq Azərbaycanın mövqeyini və həyata keçirdiyi siyasətin əsas istiqamətlərini geniş şəkildə izah etmişdir. Dövlət başçısının “Regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub” fikri ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən birini aydın şəkildə ifadə edir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb geosiyasi mühitdə yerləşən bir dövlət kimi regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirmişdir. Tarixi, siyasi və iqtisadi baxımdan strateji əhəmiyyətə malik olan Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin qorunması Azərbaycan üçün yalnız milli təhlükəsizlik məsələsi deyil, həm də regional inkişafın əsas şərtlərindən biridir. Bu baxımdan Azərbaycan daim konstruktiv siyasət yürüdərək əməkdaşlıq və dialoq təşəbbüslərini dəstəkləmişdir.
Azərbaycanın həyata keçirdiyi siyasət regionda qarşıdurma deyil, əməkdaşlıq mühitinin formalaşdırılmasına yönəlib. Dövlət başçısının müxtəlif beynəlxalq platformalarda vurğuladığı kimi, ölkəmiz regionda uzunmüddətli sülhün bərqərar olması üçün ardıcıl addımlar atır. Bu siyasətin əsas məqsədi Cənubi Qafqazın qarşıdurma məkanı deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilməsidir. Azərbaycan regionda sabitliyin, sülhün və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdərək Cənubi Qafqazın təhlükəsiz və inkişaf edən bir məkan kimi formalaşmasına mühüm töhfələr verməyə davam edir.
Regional təhlükəsizlik məsələsində Azərbaycanın rolu yalnız siyasi sahə ilə məhdudlaşmır. Ölkəmizin həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri də regionda sabitliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan enerji və logistika layihələri region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq əməkdaşlıq mühitinin güclənməsinə səbəb olmuşdur. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi sabitliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın regional təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Ölkəmiz beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün qorunması prinsiplərini daim müdafiə etmişdir. Məhz bu prinsipial mövqe Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasına və beynəlxalq münasibətlər sistemində nüfuzunun artmasına səbəb olmuşdur.
XIII Qlobal Bakı Forumu da göstərdi ki, Azərbaycan qlobal çağırışların müzakirə edildiyi mühüm beynəlxalq dialoq platformasına çevrilmişdir. Dünyanın müxtəlif ölkələrindən siyasətçilər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri bu forum çərçivəsində qlobal təhlükəsizlik, iqtisadi inkişaf və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edirlər. Bu isə Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun bariz göstəricisidir.

Ziya Vəliyev,
YAP Şəki rayon təşkilatının sədr müavini

 

Oxşar Xəbərlər

Back to top button