Analitika

Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi

“15 iyun tarixi Azərbaycan xalqı tərəfindən Qurtuluş bayramı kimi qeyd edilir. Kiminsə bəyənib-bəyənməməsindən asılı olmayaraq, Azərbaycan xalqı 1993-cü ildə həyatımızı cəhənnəmə çevirmiş erməni millətçilərindən də çox erməni olan, nasistlərdən də artıq faşist olan AXC-Müsavat hakimiyyətindən qurtuldu, azadlığa çıxdı. Bir çoxlarını incitsə də, elə Azərbaycan xalqı və dövləti müstəqilliyini məhz həmin tarixdə bəyan etdi. Həmin dövrdən 30 il keçsə də, bu gün hələ də xalqımızda AXC-Müsavat hakimiyyətinin insanları ac saxlamaq, “Aclıq oyunlarında” olduğu kimi çörək uğrunda döyüşməyə məcbur etmək, bir-birinə güllə atmaq kimi sövqetmə əməllərinin mənəvi-psixoloji sarsıntı izləri qalmaqdadır. Ona görə də, insanlar Qurtuluş gününü xüsusi bayram kimi qeyd edir, müstəqilliyinə, təhlükəsizliyinə, rifahına, azadlığına görə sevinir”.

Bunu “Aktualinfo.az”a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, tariximizə qızıl hərflərlə yazılmış Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olub və Azərbaycanın müasir, müstəqil dövlət kimi mövcudluğunun, inkişafının Milli Qurtuluş Günü ilə əlaqədar olması heç kəsə sirr deyil: “AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Lakin 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açdı. Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu. Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrildi”.

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin çıxışlarında vəsiyyət etdiyi kimi bu gün Şuşaya da, Laçına da, Ağdama da, Füzuliyədə, Cəbrayıla da, Zəngilana da, Qubadlıya da, Kəlbəcərə də gedir, bayramlarımızı qeyd edə bilirik: “Əlbəttə ki, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Qurtuluşdan başlayan yolun, Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsinin məntiqi nəticəsidir. Heç şübhəsiz ki, bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Bir sözlə, söylənilənləri ümumiləşdirməklə deyə bilərik ki, Qurtuluş məfkurəsi Azərbaycanın uğurlu inkişafının və parlaq Zəfərin ideya əsasıdır”.

Oxşar Xəbərlər

Back to top button