AnalitikaGündəmSiyasət

Qubadlının tarixi abidələri, məscidləri və digər mədəni irs nümunələri yenidən dirçəlir, bu da şəhərin tarixi kimliyinin qorunub saxlanmasına böyük töhfə verir

25 oktyabr tarixi Azərbaycan xalqı üçün xüsusi rəmzi məna daşıyır. Bu gün Qubadlı şəhərinin işğaldan azad olunduğu və eyni zamanda “Qubadlı şəhəri günü” kimi qeyd olunduğu tarixdir. Bu günün qeyd olunması yalnız bir şəhərin azad edilməsini deyil, həm də xalqımızın qəhrəmanlığını, torpaqlarımıza olan bağlılığını və müstəqil dövlətimizin gücünü təcəssüm etdirir.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir. Qubadlının işğalı Ermənistana növbəti hədəflərinə daha asan çatmaq üçün nə qədər vacib idisə, Azərbaycana da bütün Qarabağa hakim olmaq və nəzarət etmək üçün Qubadlı əməliyyatı bir o qədər əhəmiyyətli idi. Ermənilər Qubadlıya həm Ermənistandan, həm də Laçın və Şuşa istiqamətlərindən hücum etdilər.

İşğal dövründə rayonda daşı daş üstə qoymamışdılar. Barbarlıq və vandalizmə məruz qalan rayon ərazisində bütün sosial infrastruktur dağıdılmış, kommunikasiya xəttləri məhv edilmiş, daşına bilən hər şey talanmış və satılmışdı. Ermənistan yalnız Xanlıq kəndində qəsəbə salaraq xaricdəki erməniləri orada məskunlaşdırmışdı ki, bu da Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənilər Qubadlıda törətdikləri vəhşiliklərə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyırlar.

Prezident İlham Əliyev Qubadlı şəhərinin azad olunması ilə bağlı xalqa müraciətində bu qələbəni bütün Azərbaycan xalqına, şəhid ailələrinə və qazilərə ithaf etmişdi. Bu qələbə həm də dövlətimizin hərbi, siyasi və diplomatik qüdrətinin göstəricisi oldu.

Bu gün Qubadlıda geniş bərpa və yenidənqurma işləri aparılır. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, burada da “Böyük Qayıdış” proqramı çərçivəsində müasir infrastruktur layihələri həyata keçirilir. Yeni yollar, körpülər, məktəblər, xəstəxanalar, sosial obyektlər və yaşayış evləri inşa olunur.

Qubadlı şəhərinin baş planı hazırlanmış və müasir şəhərsalma prinsiplərinə uyğun bərpa prosesi sürətlə davam etdirilir. Artıq Qubadlıya ilk sakinlərin qayıdışı üçün zəruri şərait yaradılmışdır. Bu, dövlətin və xalqın birgə səyləri nəticəsində mümkün olmuş böyük nailiyyətdir.

25 oktyabr tarixi bu gün həm də Qubadlı sakinlərinin birliyini, dövlətə və Prezidentə olan etimadını ifadə edən bir gündür. Yenidənqurma işlərinin əsas mərhələlərindən biri də şəhərin ətraf mühiti və ekologiyasının bərpasıdır. Uzun illər işğal altında qalan Qubadlının təbiəti ciddi zərər görmüşdü.

Bu gün şəhərdə ekoloji tarazlığın bərpası məqsədilə genişmiqyaslı ağacəkmə və yaşıllaşdırma layihələri həyata keçirilir. Şəhərin yaxın ərazilərində yaradılan milli parklar və yaşıllıq sahələri həm ekoloji balansın bərpasına, həm də gələcəkdə turizm potensialının inkişafına xidmət edəcək.

Dövlət tərəfindən aparılan bərpa və quruculuq işləri yalnız infrastrukturun bərpası ilə məhdudlaşmır. Tarixi və mədəni abidələrin bərpası da prioritet istiqamətlərdəndir. Qubadlının tarixi abidələri, məscidləri və digər mədəni irs nümunələri yenidən dirçəlir, bu da şəhərin tarixi kimliyinin qorunub saxlanmasına mühüm töhfə verir.

Bütün bu quruculuq işləri Qubadlının yeni dövrə qədəm qoyduğunu və daha güclü, inkişaf etmiş bir şəhər kimi gələcəkdə Azərbaycan iqtisadiyyatına və sosial həyatına böyük töhfə verəcəyini göstərir. Şəhər həm yerli əhali, həm də xarici turistlər üçün yenidən cazibə mərkəzinə çevriləcək. Qubadlının bərpa yolu, ölkəmizin hərtərəfli inkişafının və azad edilmiş ərazilərin dirçəlişinin bariz nümunəsidir

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası məsləhətçi

Oxşar Xəbərlər

Back to top button