
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust 31-də işğal edilmişdi. İşğaldan sonra rayondan 29997 məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi.
94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətti, 4830 km elektrik xətti, 165 km magistral qaz boru xətti, 9 tikinti, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformator tamamilə dağıdılmışdı.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Məlum olduğu kimi, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub.
Qubadlı şəhəri işğaldan azad edildikdən sonra sürətli bərpa və quruculuq proseslərinə daxil olub. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2025-ci ilin 9 sentyabr tarixində “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.
27 il düşmən işğalında qalan şəhər məhv edilən infrastruktur və sosial obyektlərə baxmayaraq, bu gün böyük dirçəliş dövrünü yaşayır. Azərbaycan dövlətinin genişmiqyaslı layihələri sayəsində Qubadlı yenidənqurma yolunda önəmli addımlar atır və öz tarixi simasını bərpa etməyə başlayır.
İşğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir.
2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışı olmuşdur. Yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. Bu layihələr Qubadlı rayonunun sosial-iqtisadi inkişafına, həmçinin işğaldan azad edilən ərazilərdə məskunlaşmanın bərpasına mühüm töhfə verir.
2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyev “Yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 33-cü kilometrindən başlayan yeni Qubadlı–Laçın yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi üçün 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsait ayrılıb.
Qubadlı rayonunun yeni inkişaf tarixi Azərbaycan xalqının iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin parlaq nümunəsidir. Bu torpaqlarda həyat yenidən qaynayır, insan nəfəsi, uşaq gülüşü və quruculuq əzmi Qubadlının gələcəyini işıqlandırır.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi