Qoşulmama Hərəkatının yaradılması dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında vacib bir təşkilatdır
Bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir. Bu təşkilatın məqsədi isə beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu Zirvə görüşündə iştirak edərək görüşdəki digər iştirakçı qonaqları-Əlcəzair Xalq Demokratik Respublikasının baş naziri Ayman Benabderrahmanı, Keniyanın vaş naziri Uakylif Musalia Mudavadini, Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqonu, Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanı, Birləşmiş Ərəb Əmirliklərinin Ali Şurasının üzvü, Ras əl-Xeymə Əmirliyinin hakimi Əlahəzrət Şeyx Saud ibn Saqr əl-Qasimini, Qabonun vitse-prezidenti xanım Rouz Kristian Ossuka Rapondanı, BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Tsaba Körösini, Bosniya Herseqovina Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviçi, İraq Respublikasının prezidenti Əbdüllətif Camal Rəşidi, Liviyanın prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfini, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovu, Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Sonra birgə foto çəkdirilib.
Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbiri açaraq iştirakçıları Bakıda keçirilən Təmas Qrupunun Zirvə görüşündə salamlamaqdan məmnun olduğunu ifadə edib. Türkiyə və Suriyada baş vermiş zəlzələlərin qurbanlarının xatirəsi dövlət başçısının təklifi ilə bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Zirvə görüşünün gündəliyi təsdiqlənib.
İlham Əliyev çıxışında deyib: “2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra “Covid-19”a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu”.
Daha sonra cənab Prezident son illər ərzində baş verən hadisələrə toxunaraq davam etdi:” 2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə mən Hərəkatın “Covid-19”dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdüm. Bunu nəzərə alaraq mən bu Zirvə toplantısını çağırdım və inanıram ki, bu tədbir yeni meydana çıxan qlobal əhəmiyyətli məsələləri müzakirə etmək imkanı yaradacaq”.
İ.Əliyev “Covid-19” pandemiyası dövründə olduğu kimi, Azərbaycanın Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcəyini, Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləyəcəyini bildirdi.
Qarabağ məsələsinə toxunan Prezident bildirib ki, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi. İşğal illəri ərzində Azərbaycanın yüzlərlə şəhər və kəndi Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını vurğuladıqdan sonra Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, səsimizi qlobal miqyasda eşitdirmək üçün Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif etmək istədiyini bildirib.
Sonda isə cənab Prezident nitqini yekunlaşdıraraq Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi və Hərəkatın beynəlxalq arenada mövqeyinin güclənməsi üzrə səylərini əsirgəməyəcəyini söyləyib.
Məmmədova Nuranə,
Xəzər rayonu, 117 №li tam orta məktəbin müəllimi