Analitika

Qoşulmama Hərəkatına sədrlik

1991-ci ildə sonra keçmiş Sovet ölkələrinin ictimai rəyində onların gələcək inkişafları ilə bağlı bir dilemma formalaşmışdı, yaxud formalaşdırılmışdı. Onlar ya Avro-Atlantik insultlara inteqrasiya yolunu seçməli, ya da Rusiyanın çətiri altında olan iqtisadi və hərbi blokların üzvü olmalı idilər. Həmin dövrdən etibarən Qərb və Rusiya siyasi şərhçiləri də bu ölkələri təhlil edərkən məhz belə ağ-qara prizmadan dəyərləndirməyə başladılar.

Azərbaycan 1993-ci ildən etibarən balanslaşdırılmış xarici siyasət konsepsiyasına uyğun siyasət yürütməyə başlamışdı. Bu konsepsiyanın əsas prinsipi ölkənin hər hansı bir böyük güc mərkəzindən həddindən artıq asılı vəziyyətə düşməsinin qarşısını almaq və milli maraqlara əsaslanan siyasət yürütmək idi. Digər vacib məqam isə Azərbaycanın həmin güc mərkəzlərinin mübarizə meydanına və ya oyuncağına çevrilməməsi idi. Bu siyasətin məqsədi böyük dövlətərlə qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu münasibətlərin qurulması idi. Qoşulmama Hərəkatı kiçik dövlətlərin güclü dövlətlərin hegamonluğuna qarşı öz mövqelərini ortaya qoymaq cəhdi kimi ortaya çıxmışdı.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq siyasətini seçmiş Azərbaycan 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında hərəkata üzv olan ölkələrin yekdil dəstəyini əldə edərək Qoşulmama Hərəkatına tam hüquqlu üzv seçilib. Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində tarixi sınağı 2020-ci ildə, Vətən müharibəsi zamanı keçdi. Bu zaman Fransa və Rusiyanın BMT-in Təhlükəsizlik Şurasında ölkəmizə qarşı hazırladığı sənəd Qoşulmama Hərəkatı Təşkilatı üzvlərinin mövqeyinə görə qəbul edilmədi. Hərəkatın üzvləri əvvəllər də dəfələrlə beynəlxalaq təşkilatlarda böyük oyunçuların maraqlarına zidd səs vermiş və bəzən qərarların qəbul edilməsinə nail ola bilmişlər. Kiçik dövlətlərin beynəlxalq münasibətlərdə birgə mövqeyinin orta qoymasını “zəiflərin tiranlığı” kimi təsvir edilsə də, XXI əsrdə sürətli konfiqurasiyada baş verən hadisələr göstərir ki, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün dünyanın idarə olunması kimi məsul bir vəzifəni daşıyan təşkilatlar bu dəyişikliklər qarşısında acizdirlər. Yaranmış yeni reallıqlara uyğun olaraq islahatlar zəruriyyəti haqqında nə qədər çox danışılsa da, əməli addımlar atılmır. BMT və ATƏT kimi qurumların baş verənlərə təsir imkanları getdikcə zəifləyir. Baş verən proseslərdən o da görünür ki, 1961-ci ildə yaradılmış və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatı beynəlxalq səviyyədə proseslərə fəal müdaxilə edə bilir. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi missiyasını öz üzərinə götürmüş ABŞ, Fransa və Rusiyada mövcud olan güclü erməni lobbisinin bu ölkələrin xarici siyasətlərinə təsirlərini yaxşı bilirik. Qoşulmama hərəkatı istər keçmiş həmsədr ölkələrin, istərsə də digər qərb ölkələrindəki erməni lobbisinin və xristian həmrəyliyinin təsirilə formalaşan siyasətə qarşı çıxmaq üçün qlobal miqyasda nadir sivil platformalardan biridir.

Qoşulmama Hərəkatının dünya hadisələrinə fəal müdaxiləsi məhz 2019-cu ildə Azərbaycanın bu təşkilata sədrliyi ilə başlayıb. Azərbaycan təşkilata sədrliyi dövründə 2019-cu ilədək amorf bir qurum kimi qavranılan Qoşulmama Hərəkatını qlobal siyasətin ön cərgəsinə çıxarmağa və qlobal təşəbbüslərin müəllifinə çevirməyə nail oldu. Qlobal pandemiyanın lap başlanğıcında, dünya üçün qlobal müharibələr qədər təhlükəli olan bir şəraitdə təşkilata sədrliyi qəbul edən Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətinə o zamanadək görünməmiş bir canlanma gətirdi. Bütün dünyanın COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi koronavirusa qarşı mübarizədə qlobal həmrəyliyin təmin olunması üçün cəsarətli təşəbbüslər irəli sürdü və Dünya Səhiyyə Təşkilatının moderatorluğu altında bütün dövlətlərin əməkdaşlığa cəlb olunmasına nail oldu. Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizə ilə bağlı BMT-nin xüsusi sessiyası çağırıldı, məhz Azərbaycan Prezidentinin çıxışlarında Avropada təzahür edən “peyvənd millətçiliyi” açıq-aşkar tənqid olundu və dünyanın inkişaf etmiş ölkələrinin üzərində digər ölkələrə dəstək vermək məsuliyyətinin olması rəsmən təsbit edildi. Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürdü və həmin qətnamə yekdilliklə qəbul olundu.

Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövrü Hərəkatın tarixinə çoxsaylı təşəbbüslərlə yazılmaqda davam edir. Bu təşəbbüslərdən biri də Hərəkata üzv olan dövlətlərin Parlamentlər Şəbəkəsinin yaradılması idi. Prezident İlham Əliyev bu təşəbbüslə 2022-ci ilin noyabrında Beynəlxalq Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında çıxış etmişdi. Dövlətimizin başçısı bütün üzv dövlətlər tərəfindən dəstəklənən bu təşəbbüsü bu günlərdə Azərbaycanda reallaşdı. Bütün beynəlxalq təşkilatların istisnasız olaraq təqdir etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin ilk konfransı parlament diplomatiyasının yeni bir ölçüsü olmaqla Azərbaycanın qlobal təhlükəsizliyin təmin olunmasına dəyərli töhfəsi kimi qəbul olundu.

Cəmi 3 illik sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi impuls və təşkilatın beynəlxalq miqyasda artan nüfuzu dünya birliyinin Azərbaycana olan etimadının göstəricisidir. Məhz bu etimad sayəsində Azərbaycanın təşkilata sədrliyinin daha bir il müddətinə uzadılması haqqında qərar qəbul olundu.    

Bütün bunlar onu göstərir ki, BMT və ATƏT kimi qlobal mexanizmlərin səmərəli fəaliyyət göstərə bilməməsi iddia olunduğu kimi, yalnız onların strukturundan və təbiətindən yox, həm də onları idarə edən dövlətlərin siyasi iradəsindən asılıdır.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycanın apardığı obyektiv siyasətin bir daha dünyaya açılışı oldu. Azərbaycan bu Hərəkata sədrliyi ilə əlaqədar atdığı addımlarla dövlətimizin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, beynəlxalq norma və prinsiplərin ədalətli tətbiqinə verdiyi töhfələri bütün dünyanın diqqətinə çatdırmış oldu .

Hərəkatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Bakı Sammiti ilə sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilədək uzadıldı.

Azərbaycanın qlobal təşəbbüsləri sayəsində Hərəkata sədrlik hər zaman xatırlanacaq. Həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə tövhə kimi qiymətləndiriləcək.

Əbdüləlizadə Fidan Elşən qızı,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button