AnalitikaGündəm

Qeyri-neft sektorunun inkişafında müsbət tendesiya

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında qarşıya qoyulan vəzifələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft ixracında daha yüksək göstəricilər əldə etmək, bununla da dünya iqtisadiyyatında respublikamızın mövqeyini gücləndirmək hədəflənir. Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələri də bu məqsədin gerçəkləşəcəyi əminliyi yaradır.  Son 20 ilin iqtisadi yekunları da perspektivdə qeyri-neft iqtisadiyyatı ilə bağlı gözləntilərin yüksək səviyyədə reallaşa­cağından xəbər verir: 2003–2023-cü illər ərzində respublikamızın ticarət tərəfdaşla­rının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Təkcə ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Xarici ticarət dövriyyəsi isə bu müddətdə 3,8 milyard dollardan 52,7 milyard dollara, qeyri-neft ixracı 0,26 mil­yard dollardan 3,05 milyard dollara yüksə­lib.

Yeri gəlmişkən, İxracın və İnvestisi­yaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, cari ilin 9 ayında Azər­baycandan ixrac olunan qeyri-neft məh­sullarının dəyəri 2,4 milyard dollar təşkil edib. Bu, ötən ilin analoji dövrü ilə müqa­yisədə 10,6 faiz çoxdur. Xatırladaq ki, 2022-ci ildə ölkəmizin qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3,49 milyard dollara çatıb. Qeyri-neft-qaz ixracı sahə­sində coğrafi şaxələnmə ilə yanaşı, məh­sul çeşidlərinin artırılmasında da uğurlu nəticələr qeydə alınıb. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkar­larının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər də ixracın artımını stimullaşdı­rıb.

Bu gün iqtisadi diversifikasiyada qey­ri-neft sənayesinin innovativ üsullarla inki­şafı və şaxələndirilməsi önəmli rol oyna­yır. İdxalı əvəz edən, yeni ixrac imkanları yaradan, eləcə də müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətə başlama­sı isə mövcud sahənin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu mərhələdə qeyri-neft sənayesinin inkişafı ölkəni karbohidrogen daşıyıcıla­rının hasilatı və ixracından əldə olunan gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir. Son illərdə respublikada yüzlərlə müasir qeyri-neft sənaye müəssisəsi, yeni istehsal sahələri və müxtəlif böl­gələrdə sənaye parklarının yaradılması, daxili tələbatın ödənilməsində yerli məh­sulların payının əhəmiyyətli dərəcədə artması da bu məsələnin reallaşmasında həlledici rola malikdir.  Azərbaycanda qeyri-neft sənaye sahələrinin yaradılmasına investisiya cəlbi üçün əlverişli biznes mühiti, coğrafi yerləşmə, müasir infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var. Müasir sənaye zonaları və aqroparkların təşəkkülü də belə demək mümkünsə, bu cür əlverişli mühitin məhsuludur. Bu istehsal sahələrində iş adamları üçün sti­mullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur, sahibkar­lara təşkilati köməklə yanaşı, vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir.

Qeyri-neft sənaye sahələrində, məsələn, sənaye parklarında rezidentlər üçün dövlət vəsaiti hesabına müasir və geniş infrastruktur təchizatı “birbaşa qo­şulma” (“Plug&Play”) prinsipi əsasında gerçəkləşdirilir. Dövlət vəsaiti hesabına yaradılan müasir infrastruktur iş adam­larına öz vəsaitlərini birbaşa layihəyə investisiya olaraq yönəltmələrinə imkan yaradır. Bütün bunlarla yanaşı, sənaye parklarında iş adamlarına müasir infrastrukturla təmin edilən torpaq sahələri, həmçinin hazır tiklilər isə uzunmüddətli icarəyə verilir. Son illər yaradılan qeyri-neft səna­ye müəssisələrinin keyfiyyətli məhsul istehsal etmək potensialı onların xarici ölkələrdəki alıcılarının sayını getdikcə artırıb. Məhz bunun nəticəsidir ki, cari ilin yanvar-sentyabr ayları ərzində Azər­baycanın ümumi ixracı 26,5 milyard ABŞ dolları təşkil edib.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdəndir. Kənd təsərrüfatının subsidiyalaşdırılması və vergi azadolmaları, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyaların və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın əsasında dayanan amillərdən hesab olunur. Xatırladaq ki, digər ərazilərdə iqtisadi aktivliyin və sahibkarlıq subyektləri gəlirlərinin artması həm büdcə gəlirlərinin regional diversifikasiyasına, həm də regionların maliyyə imkanlarının yaxşılaşmasına müsbət təsir göstərir. Digər diqqətə çatdırmalı olduğumuz faktlardan biri də regionların inkişafındakı sənaye zonalarının roludur. Ölkə başçımız daim öz çıxışlarında qeyri-neft sektorunun inkişaf perspektivləri barədə fikirlər söyləməklə sənaye zonalarının önəmini vurğulayır. Çünki iqtisadi inkişafın qeyri-neft sektoru hesabına davam etdirilməsi vacib məsələlərdəndir və bu istiqamətdə böyük işlər görülüb. Sənaye parklarının və aqroparkların yaradılması ixracın, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi rola malikdir. Aqroparkların yaradılması həm də kəndlərdə yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir.

Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Son illər ərzində və xüsusilə antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə, – Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları, – yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.

Qasımov Ayməddin,
Xəzər rayonu, 92 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button