Qərbi azərbaycanlıların öz tarixi torpaqları yaxın gələcəkdə reallıq olacaq
Müzəffər Ali Baş Komandan İlham Əliyev 24 dekabr tarixində Qərbi Azərbaycan icması ilə görüşdə səsləndirdiyi fikirləri ilə əslində doğma tarixi torpağımız olan Qərbi Azərbaycana mənəvi qayıdışın təməlini qoydu. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən cənab Prezident 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildikdən sonra bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb, məhz indi bu işin vacib olduğunu nümayiş etdirir. Bu gün biz əminik ki, qüdrətli sərkərdəmizin prinsipiallığı, müdrik və uzaqgörən diplomatiyası, dövlətimizin gücü və milli birliyimizlə xalqımız haqlı mübarizəsində öz məqsədinə qovuşaraq öz tarixi torpaqlarına da qayıdışı tezliklə reallaşdıracaq. Prezidentin müdrik rəhbərliyi ilə yaxın gələcəkdə xəyallarda yaşatdığımız reallıqlara qovuşacaq, öz doğma torpaqlarımıza qayıdıb orada əbədi yaşayacağıq.Preizdent, Müzəffər Ali Baş Komandan ötən illər ərzində təkcə Qarabağ uğrunda mübarizə aparmadı, ən mötəbər kürsülərdə, ən mürəkkəb məqamlarda İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Müdrikliklə səsləndirilən və bu gün dillər əzbəri olan “nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm” kimi dərin mənalı fikirləri bu gün Qərbi Azərbaycan icmasının da fəaliyyətinin yol xəritəsidir. Cənab Prezidentin çıxışında da qeyd etdiyi kimi, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, Qarabağa, Şərqi Zəngəzura qayıdacağıq və qayıtdıq. Qərbi Azərbaycanlılarda öz doğma torpaqlarına tezliklə qayıdacaqlar. Biz buna inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq. Ancaq inam və ədalətə inam insanların öz əllərindədir. Biz ədaləti öz gücümüzlə, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədakarlığı, bütün xalqımızın, Ordumuzun birliyi sayəsində qazanmışıq, ədaləti bərpa etmişik, dünya miqyasında fövqəladə bir nümunə göstərmişik. Həm bizim hərbi əməliyyatımız bu gün dünyanın aparıcı ali hərbi məktəblərində öyrənilir, həm də xalqımızın iradəsi, əzmkarlığı, əyilməz ruhu dillər əzbəri olubdur. Bu gün biz qətiyyən şübhə etmirik ki, bu geriyə sayım 200 il əvvəlki sıfır nöqtəsinə qədər davam edəcək və biz Qərbi azərbaycanlılar da öz tarixi torpaqlarımıza qayıtmaq imkanı əldə edəcəyik. Biz hər birimiz öz növbəmiz də vətəndaş cəmiyyətinin üzvü olaraq Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni saxtakarlıqlarının, erməni yalanlarının sona qədər ifşası və son 200 ildə Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası və bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün olan hər şeyi etməli və öz doğma torpağımız olan Qərbi Azərbaycana qayıdışla bağlı həmin müqəddəs günü daha da yaxınlaşdırmalıyıq.
Bədiyyə Sadıqova ,
YAP-ın gənc fəalı